Metropolitençilər 20 Yanvar faciəsinin şəhidlərini yad ediblər

Metropolitençilər 20 Yanvar faciəsinin şəhidlərini yad ediblər

Bu gün Bakı Metropolitenin "Rabitə evi"ndə 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin davamında 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən video-çarx nümayiş olunub.

Daha sonra Metropolitenin rəisi Tağı Əhmədov çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir: "20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi".

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Tağı Əhmədov həmçinin qeyd edib ki, 1990-cı ilin ilk günlərindən xalqın taleyini müəyyən edən hadisələrin mərkəzində olan, ələlxüsus da 20 yanvar gecəsi xüsusi fədakarlıqlar nümayiş etdirən Bakı metropoliteni üçün bu, unudulmayacaq bir tarixdir: "Hər il bu günə paytaxtın yeraltı ictimai nəqliyyatı da xüsusi plan üzrə hazırlaşır. Tarixi əhəmiyyəti nəzərə alaraq, həmin günlərdə, xüsusən də 20 yanvar gecəsində baş verən hadisələrin şahidi olan və əli yalın, günahsız insanlara yardım və kömək göstərilməsində, yaralıların tibb obyektlərinə çatdırılmasında xüsusi fədakarlıq göstərən metropolitençilərlə görüşlərin keçirilməsi, onların xatirə və fikirlərinin təbliği, mətbuatda işıqlandırılması ilə bağlı bir sıra addımların atılması, bununla maraqlanan ölkə kütləvi və elektron informasiya vasitələrində işıqlandırılmasına yardım edilməsi ilə bağlı tapşırıqlar verilib".

Metropoliten rəisi çıxışına onu da əlavə edib ki, 20 Yanvar gecəsinin günahsız qurbanları arasında məzarı Şəhidlər Xiyabanında olan metropolitençi İlqar Qarayev də var: "Metropolitençilərin qəbrini daim ziyarət edib xatirəsini əziz tutduğu bu Vətən övladı da tədbirlərdə xüsusi anılacaq. 20 Yanvar günündə isə metropoliten xüsusi iş rejimində fəaliyyət göstərəcək. Bütün xidmətlər, ilk növbədə isə hərəkət, yol, elektrik deposu, tunel qurğuları, elektrik təchizatı, işarəvermə və rabitə xidmətlərinin hər biri cavabdehlik daşıdığı sahələr üzrə müvafiq hazırlıq işlərini yerinə yetirirlər. Bu mənada "20 Yanvar" stansiyasında tədbirlər planının icrası üzərində də ardıcıl plan üzrə aparılır".

"20 Yanvar günündə, əvvəlki illərdə olduğu kimi, stansiya xüsusi bədii tərtibatda olacaq, işçilərdən fəxri qarovul dəstəsi düzüləcək. Bununla əlaqədar, xidmətdə müzakirələr olub və mütəmadi fikir mübadiləsi aparılır. Həmçinin bütün stansiya və vaqonlarda günün ruhuna uyğun və bu ovqata köklənəcək tədbirlər də planlaşdırılıb. Musiqi parçalarının səsləndirilməsi üzərində də iş aparılır" – deyə, o, fikirlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin imzaladığı sərəncamda da bildirilir ki, yanvarın 20-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, nəqliyyat vasitələrində səs siqnallarının verilməsi də nəzərdə tutulub. Həmin gün saat 12:00-da metropolitenin xətlərdəki bütün qatarları stansiyalarda olacaq və bir dəqiqə ərzində siqnal veriləcək, metropolitenin bütün stansiyalarında, ən əsası, "20 Yanvar" stansiyasında təhlükəsizlik tədbirləri də gücləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə