Səbail rayonu Badamdar qəsəbə nümayəndəliyi hesabat verib FOTO

Səbail rayonu Badamdar qəsəbə nümayəndəliyi hesabat verib FOTO

Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunan və Səbail rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərlərinin, təhsil işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Badamdar Bələdiyyəsi üzvlərinin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülən işlərdən söz açılıb, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunub və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilib.

SİA-nnı xəbərinə görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Bağırov bildirib ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə qəsəbədəki 136 saylı uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib: "Bağçanın açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər. Bağçanın yaxınlığındakı T. Məmmədov küçəsi 7 saylı bina və həyəti əsaslı təmir olunub, yeni qazanxana istifadəyə verilib. Noyabrın 22-də Səbail rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-yenidənqurma işlərindən sonra açılışında iştirak edən ölkə başçısı Badamdar qəsəbəsində yeni İdman Kompleksinin tikintisi ilə bağlı layihələrlə tanış olub, onun xeyir-duasından sonra qəsəbədə kompleksin inşasına başlanıb".

Dövlət Proqramına uyğun olaraq qəsəbədə yeni xəstəxana binasının, 3-cü yaşayış massivində yeni su anbarlarının tikintisi davam edir. A.Abbaszadə küçəsində Bakı - Oksford məktəbi üçün yeni tədris korpusunun inşası başa çatmaq üzrədir.

Neftçilər küçəsi 1, 2, 3, T. Məmmədov küçəsi 9, N. Paşayev küçəsi 8 ünvanlardakı 7 binada təmir işləri aparılmış, binalar üzlük daşla üzlənmiş, eyvanlar təmir olunub, pəncərələr və giriş qapıları yeniləri ilə əvəz olunub. "Abad həyət" layihəsinə əsasən Neftçilər küçəsi 2 ünvanındakı həyətdə əsaslı təmir işləri aparılıb, burada söhbətgahlar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb, səkilərə daş döşənib, dekorativ kollar əkilib və yeni asfalt örtüyü salınıb. Həyətdə futbol stadionu təmir olunub, bura AFFA tərəfindən süni örtük çəkilib.

RİH tərəfindən Badamdar qəsəbəsində təsərrüfat xidməti işçiləri üçün 2 mərtəbəli 10 mənzilli xidməti yaşayış binası istifadəyə verilib, sakinlərin müraciəti əsasında qəsəbə qəbiristanlığında dini ayinlərin icrası üçün tikili inşa olunub. İqor Ağayev küçəsi 8 saylı binanın fasadında təmir işləri aparılıb, bu binada yaşamış şəhid Tofiq Məmmədovun barelyefi yenisi ilə əvəz olunaraq ətraf ərazidə abadlıq işləri görülüb.

Badamdar şossesində yolun genişləndirilməsi və təmiri ilə bağlı işlər davam etdirilib, yol kənarlarında yerləşən mağaza və obyektlərin fasadları, istinad divarları təmir olunub və onların aqlay daşla üzlənməsi işləri davam etdirilir. İl ərzində Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivləri, Seymur Məmmədov, Seyran Məmmədov, Nurəddin Paşayev, Tofiq Məmmədov və Əziz Nəzərov küçələrində ümumilikdə 9930 kv. metr asfalt örtüyü təmir olunub və yenidən çəkilib. Qəsəbə ərazisindəki zibil meydançalarında təmir işləri aparılmış, yeni zibil qutuları qoyulmuş, buradakı konteynerlər rənglənib. Bağlar, Göyüş Qarayev, Əziz Nəzərov, Seyran Məmmədov, Ələddin Ağakişiyev, Nurəddin Paşayev küçələrində və Badamdar şossesində kanalizasiya quyuları təmizlənib, 26 ünvanda kanalizasiya quyuları təmir olunub, 20 çoxmənzilli yaşayış binasına yeni istilik xətləri çəkilib.

Qəsəbədəki 239 saylı orta məktəbin yaxınlığında hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir. Nümayəndəlik tərəfindən burada müvafiq şərait yaradılmış və ərazinin sanitar təmizliyi nəzarətdə saxlanılır. Səbail rayon Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi və Səbail rayon Sukanal Departamenti tərəfindən nəzərdə tutulan tədbirlər tam həcmdə həyata keçirilib. Novruz bayramı münasibəti ilə qəsəbədəki "N" saylı hərbi hissədə bayram şənlikləri və konsert təşkil olunub, əsgərlərimizə bayram sovqatları təqdim olunub.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Badamdar qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.

A.Əsgərov keçən il rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə geniş məlumat verib: "RİH tərəfindən görülən işlərdən əlavə "Abad həyət" layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni xəstəxana və idman kompleksinin tikintisi başa çatdırılacaq. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcək.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə