Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Göygöl rayon 1 saylı orta məktəbində rayon İcra Hakimiyyətinin nümayəndəsi, Təhsil şöbəsinin əməkdaşları, 3 və 4 saylı məktəblərin müəllim və şagirdlərinin iştirakı ilə "20 Yanvar qan yaddaşımızdır" mövzusunda tədbir keçiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnən və tarixə 20 Yanvar faciəsi kimi düşən o qanlı gecədən iyirmi dörd il keçir.
XX əsrdə törədilən ən qanlı terror aktlarından biri olan, Azərbaycan xalqına qarşı işlədilən bu qatı cinayət, əslində bütün bəşəriyyətə, humanizmə, ümumən insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunub, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılıb.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet dövlətinin rəhbərlərinin göstərişi ilə tərkibində milliyyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilib. Tanklar və digər döyüş maşınları dinc əhaliyə xüsusi qəddarlıqla divan tutan, qarşılarına çıxan hər şeyi məhv edib.
SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdikləri hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürüb, 600-dən çox adam yaralanmış, ölçüyəgəlməz dağıntılar törədilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova hər il 20 Yanvar faciəsinin ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara Bəyanat ünvanlayır, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnən bu qanlı faciəni törədənlərin cəzalandırılmasını tələb edir.
İştirakçılar Göygöl rayonunda əhalinin, xüsusilə gənclərin hüquqi baxımdan maarifləndirilməsi işində Ombudsman təsisatının fəal rolunu qeyd edib və İnsan Hüquqları üzrə Müvəkkil xanım Elmira Süleymanovaya dərin minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB