"N. Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar ətraflı araşdırılacaq"

"N. Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar ətraflı araşdırılacaq"

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ilk olaraq "Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq" adlı məruzənin əhəmiyyətindən danışıb.

O bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin yardacılığını təhriflərdən qorumaq üçün dövlət səviyyəsində işlər aparılıb, o cümlədən şairin 870 illik yubileyi yüksək səviyyədə keçirilib, Romada möhtəşəm abidəsi ucaldılıb, Gəncədə nüfuzlu Beynəlxalq Nizami mərkəzi təşkil olunub: "Bu və digər tədbirlər dünyada Nizamiyə İran şairi kimi yanaşmanı aradan qaldırmaq üçün vacib addımlardandır. Azərbaycanda bu istiqamətdə bir sıra elmi tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib".

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli sözügedən nəticələr haqqında məruzə ilə çıxış edərək vurğulayıb ki, bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblərdən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf edilir: "Bu səbəbdən yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məmtəbinin başqa böyük nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil. İstər şairin özü, istərsə də sonralar onun haqqında yazılan bütün orta əsr qaynaqları onun 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olan Gəncədə doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir".

Direktor müavini onu da qeyd edib ki, Nizaminin dilində çoxlu türk sözləri işlədilib: "Nizami "Leyli və Məcnun" poemasında öz anasının kürd qızı olduğunu bildirib, "Xosrov və Şirin" poemasında isə özünü saf türk sözü ilə "ikdiş", yəni "metis" adlandırıb. Məruzədə səsləndirilən bu və ya digər arqumentlər Nizami yaradıcılığında azərbaycançılıq ideologiyasının güclü olduğunu, şairin öz doğma vətəninə və xalqına böyük məhəbbətini sübut edir.

Tədqiqatların nəticələri AMEA Rəyasət Heyətinin qərarı ilə mühüm elmi yeniliklər kimi dəyərləndirilib, bu sahədə araşdırmaların inkişaf etdirilməsi vacib hesab edilib. Qərara əsasən, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar daha əhatəli şəkildə araşdırılacaq, Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərində təbliğ məqsədi ilə elmi ezamiyyətlər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə