KOICA Naxçıvan Dövlət Universitetində yeni layihəyə start verir

KOICA Naxçıvan Dövlət Universitetində yeni layihəyə start verir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi çərçivəsində koreyalı mütəxəssislərdən ibarət qrupu Azərbaycana ezam edib.

Koreyalı mütəxəssislər, həmçinin KOICA-nın Azərbaycan nümayəndəliyinin rəsmiləri İKT layihəsinə start vermək üçün Naxçıvana beşgünlük səfər ediblər. Mütəxəssislərin ezamiyyətinin məqsədi Naxçıvan Dövlət Universitetinin rəsmiləri ilə gələcək layihənin qrafiki, məzmunu və qarşılıqlı zərurətlərini müzakirə etmək, həmçinin cari iş axını və infrastruktur təhlili ilə Akademik, İnzibati sistemin və Təhsilə dəstək sisteminin əməliyyat statusunun başa düşülməsi yolu ilə layihənin səmərəliliyinin artırmaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov və KOICA-nın Azərbaycan nümayəndəliyinin Rezident Nümayəndəsi xanım Kim Eun Suk arasında görüş baş tutub. Müzakirələr zamanı hər iki tərəf layihənin icrası prosesinin sürətləndirilməsi və maksimum nəticənin əldə olunması ilə bağlı istəklərini ifadə edib. Xanım Kim Eun Suk layihənin icrası ilə əlaqədar öz baxışını bölüşərək həm KOICA-nın, həm də NDU-nun öz öhdəliklərini yerinə yetirməli olduğunun vacibliyini qeyd edib. O, NDU tərəfindən İşçi Qruplarının yaradılması və səlahiyyətləndirilməsinin icra prosesini sürətləndirəcəyini söyləyib. KOICA nümayəndə heyəti həmçinin avadanlığın təchiz edilməsi də daxil olmaqla, universitetin tələblərinin öyrənilməsini istəyib. Öz növbəsində, professor Saleh Məhərrəmov NDU-nun bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu və İşçi Qruplarının fəaliyyətinə şəxsən nəzarət edəcəyini qeyd edib.

NDU İşçi Qrupları ilə KOICA mütəxəssisləri arasında geniş tərkibli görüş keçirilib. Naxçıvan tərəfinə layihə barədə, NDU tərəfindən müəyyənləşdiriləcək server otağı və KOICA tərəfindən qurulacaq avadanlıq, həmçinin bütövlükdə layihəni təşkil edən sistemlər barədə məlumat verilib və müzakirələr sual-cavab şəklində davam edib.

Layihənin Akademik administrasiya, elektron kitabxana, veb portal, multimedia kimi hər bir sistemi ilə bağlı daha təfərrüatlı müzakirələr tərəflər arasında bütün həftə boyunca davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə