Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Plana uyğun olaraq, bütün bölgələrdə, habelə idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Metropoliten rəisi Tağı Əhmədovun başçılığı ilə "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı tərtib olunub. SİA-nın məlumatına görə, hazırlanan tədbirlər planına uyğun metropolitendə bir sıra tədbirlərin təşkili nəzərdə tutulub.
Tarixi əhəmiyyəti nəzərə alaraq, həmin günlərdə, xüsusən də 20 yanvar gecəsində baş verən hadisələrin şahidi olan və əli yalın, günahsız insanlara yardım və kömək göstərilməsində, yaralıların tibb obyektlərinə çatdırılmasında xüsusi fədakarlıq göstərən metropolitençilərlə görüşlərin keçirilməsi, onların xatirə və fikirlərinin təbliği, mətbuatda işıqlandırılması ilə bağlı bir sıra addımların atılması, bununla maraqlanan ölkə kütləvi və elektron informasiya vasitələrində işıqlandırılmasına yardım edilməsi ilə bağlı tapşırıqlar verilib.
20 Yanvar gecəsinin günahsız qurbanları arasında məzarı Şəhidlər xiyabanında olan metropolitençi İlqar Qarayev də var. Metropolitençilərin qəbrini daim ziyarət edib xatirəsini əziz tutduğu bu Vətən övladı da tədbirlərdə xüsusi anılacaq.
Həmin tədbirlər silsiləsindən növbəti və əsas mərasim yanvarın 16-da saat 14:00-da metropolitenin "Rabitə evi"ndə keçiriləcək.
20 Yanvar günündə isə metropoliten xüsusi iş rejimində fəaliyyət göstərəcək. Metropoliten rəisinin tapşırığına əsasən, bütün xidmətlər, ilk növbədə isə hərəkət, yol, elektrik deposu, tunel qurğuları, elektrik təchizatı, işarəvermə və rabitə xidmətlərinin hər biri cavabdehlik daşıdığı sahələr üzrə müvafiq hazırlıq işlərini yerinə yetirirlər. Bu mənada "20 Yanvar" stansiyasında tədbirlər planının icrası üzərində də ardıcıl plan üzrə aparılır.
Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirir ki, 20 Yanvar günündə, əvvəlki illərdə olduğu kimi, stansiya xüsusi bədii tərtibatda olacaq, işçilərdən fəxri qarovul dəstəsi düzüləcək. Bununla əlaqədar, xidmətdə müzakirələr olub və mütəmadi fikir mübadiləsi aparılır. Həmçinin, bütün stansiya və vaqonlarda günün ruhuna uyğun və bu ovqata köklənəcək tədbirlər də planlaşdırılıb. Musiqi parçalarının səsləndirilməsi üzərində də iş aparılır.
"Prezident Administrasiyasının rəhbərinin imzaladığı sərəncamda da bildirilir ki, yanvarın 20-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, nəqliyyat vasitələrində səs siqnallarının verilməsi də nəzərdə tutulub. Metropoliten rəisinin tapşırığına əsasən, uyğun qrafik və iş planı da hazırlanır. Həmin gün saat 12:00-da metropolitenin xətlərdəki bütün qatarları stansiyalarda olacaq və bir dəqiqə ərzində siqnal veriləcək, - deyən H.Məmmədov onu da əlavə edib ki, həmin gün metropolitenin bütün stansiyalarında, ən əsası "20 Yanvar" stansiyasında təhlükəsizlik tədbirləri də gücləndiriləcək.
Yerlərdən daxil olan təkliflər əsasında, axşam saatlarında illərdir qoyulan bir ənənəyə sadiq olan metropolitençilər Şəhidlər xiyabanını kollektiv şəkildə ziyarət edəcək, günahsız qurbanların qəbirləri, o cümlədən metropolitençi şəhid İlqar Qarayevin məzarı önünə gül dəstələri düzüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB