Almaniyada 20 Yanvar faciəsi anılıb

Almaniyada 20 Yanvar faciəsi anılıb

Almaniyanın Bad Salzuflen şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilib. Dispaorla İş üzrə Döpvlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Almaniyanın Nordrhein-Westfalen federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil edilmiş anım mərasimində Hannover, Hamburq, Minden, Herford və Almaniya Federativ Respublikasının digər şəhərlərindən gəlmiş 120-dən çox həmyerlimiz, türk diasporunun nümayəndələri və alman qonaqları iştirak ediblər. Tədbir zamanı qanlı 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.

Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva tədbiri giriş sözü ilə açıb. Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən "Xəzər" Alman- Azərbaycan cəmiyyətinin sədri Etibar Qəniyev, Bielefeld şəhərində yaşayan həmvətənimiz Elşən İsmayıllı, ağsaqqal Ramazan Məmmədov, türk diasporunun nümayəndəsi İsmayıl Nefis, iş adamı Adem Yavuz Tumay, Nordrhein-Westfalen Alman-Azərbaycan Cəmiyyəti İdarə Heyətinin üzvü Faiq Məmmədov və digərləri çıxış edərək Sovet imperiyasına məxsus hərbi birləşmələrin 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dinc əhaliyə qarşı törətdiyi cinayət haqqında qonaqlara məlumat veriblər.

Daha sonra 20 Yanvar hadisələri ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

Tədbirin sonunda Nordrhein-Westfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə planlaşdırılan tədbirlər, o cümlədən fevral ayında Bielefeld şəhərində keçiriləcək Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş yürüş haqqında həmvətənlərimizi məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə