ANS-ə cinlə bağlı xəbərdarlıq

ANS-ə cinlə bağlı xəbərdarlıq

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

İclasda həmçinin yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə