Bakı və şəhərətrafı qəsəbələrdə su, qaz və ya elektrik enerjisi xətlərinin yeraltı çəkilişi zamanı asfalt örtüyü qazılır və onun əvvəlki vəziyyətinə qaytarılması ya lazımı şəkildə həyata keçirilmir, ya da bu proses uzun zaman çəkir. Bu da istər-istəməz əhalinin, eləcə də nəqliyyat vasitələrinin həmin ərazidən gediş-gəlişinə mane olur. Bununla bağlı, redaksiyamıza bir çox şikayətlər daxil olub. Şikayətçilər kommunal xətlərin çəkilişindən sonra asfalt örtüyün çəkilməsinə hansı qurumun məsuliyyət daşıdığını bilmək istəyirlər. SİA-nın əməkdaşları məsələni araşdırmaq üçün adiyyatı qurumlarla əlaqə saxlayıblar. İstər "Azərsu" ASC, istər "Azərenerji", istərsə də "Azəriqaz" İstehsalat Birliyinin rəsmiləri kommunal xətlərin çəkilişindən sonra asfalt örtüyünün bərpasının "Azəryolservis" ASC-nin üzərinə düşdüyünü qeyd ediblər.
İlk olaraq "Azərsu" ASC-nin Strateji İnkişaf departamentinin rəisi Əhməd Məmmədov açıqlamasında bildirib ki, əvvəllər bu kimi problemlər mövcud olsa da, sonralar məsələ öz həllini tapıb: "Azərsu hər hansı bir işi planlaşdıranda digər qurumlarla razılaşma əldə edir. Eyni zamanda, "Azəryolservis" ASC və digər təşkilatlar da iş görərkən öncədən "Azərsu" ASC və bir sıra qurumlara məlumat verir. Bu işlər qarşılıqlı və ardıcıl şəkildə həyata keçirilir".
Qurum rəsmisi əlavə edib ki, Dərnəgül şosesinin tam şəkildə yenidən qurulması prosesi, eləcə də Ziya Bünyadov prospekti və "Koroğlu" metro stansiyasından şəhər istiqamətində yolların bərpa olunması zamanı ərazidə olan bütün yeraltı su kəmərləri çıxarılıb: "Yaxın zamanlarda orada yeni su kəmərlərinin birləşdirilməsi işləri aparılacaq. Əgər "Azəryolservis" ASC bizimlə işləməsəydi, o zaman su kəməri yeni çəkilən yolun altında qalacaqdı. Gələcəkdə də hər hansı bir qəza baş versə idi həmin kəmərlər mütləq təmir edilməli idi. Təbii ki, bütün yollardan su kəmərlərini çıxartmaq imkanımız yoxdur".
Kommunikasiya xətlərinin 90 faizinin yerin altında olduğunu deyən departament rəisi deyib ki, baş verəcək qəzalardan heç kim sığortalanmayıb: "Təbii ki, təmir olunan ərazilərdə su xətlərini dəyişmək üçün aidiyyəti quruma müraciət edirik və qazılan yolun asfalt örtüyü ilə bərpasını onlardan xahiş edirik. Asfalt örtüyünün çəkilməsinə qədərki işləri biz həyata keçiririk. Asfalt örtüyünün çəkilməsini isə "Azəryolservis" ASC həyata keçirir".
Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib ki, qaz xətlərinin çəkilişlərinə başlamamışdan əvvəl qurum "Azəryolservis" ASC-yə müraciət edir və müvafiq texniki şərt alır: "Əgər sifarişçi tərəf biziksə, o zaman müvafiq podratçı şirkətə müraciət edirik ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazidə asfalt örtüyü bərpa edilsin. Birinci və ikinci dərəcəli yollarda texniki şərtləri almaq üçün "Azəryolservis" ASC-yə, yerli əhəmiyyətli – kənd yollarında isə yerli icra hakimiyyətindən razılıq alınır. Bu günə qədər podratçı şirkətlər tərəfindən çəkilən yollarla bağlı heç bir problem yaşamamışıq".
"Azərenerji"nin mətbuat rəisinin müavini Ələkbər Baxşəliyev isə açıqlamasında bu işin "Azəryolservis" ASC tərəfindən həyata keçirildiyini deyərək kifayətlənib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bütün deyilənlərə cavab olaraq bildirib ki, istər su, istər enerji, istərsə də digər kommunal xətlərinin inşası və ya təmiri zamanı ilk növbədə Nəqliyyat Nazirliyinə müraciət etmək lazımdır: "Bundan sonra icrası məcburi olan texniki şərt alınır. Texniki şərti aldıqdan sonra işlərə başlanıla bilər. Yolu qazıb yenidən düzəltmək istəyən sifarişçi sayılır. "Avtomobil yolları haqqında" qanunda nəzərdə tutulub ki, sifarişçi yolu əvvəlki vəziyyətinə qaytarmağa borcludur".
Onun sözlərinə görə, qurumlara verilən texniki şərtdə yolun necə hasarlanması, nişanların qoyulması öz əksini tapır: "Bizim qurumda həmin məsələlərə dərhal baxılır və lazımi texniki şərtlər verilir. Texniki şərt də imzalandığı gündən təxminən 3 ay müddətinə qüvvədə qalır. Bir faktı da qeyd edim ki, qazıntı zamanı xəndəkdən çıxarılan torpaq sonradan heç bir halda istifadəyə yararlı ola bilməz. Yəni həmin torpaqlar kənara daşınmalı, əlavə materiallar gətirilməli və yalnız bundan sonra düzgün kipləşdirmə işləri aparılmalıdır. Əgər kipləşdirilmə işinə lazımi material verilmirsə, təbii ki, həmin asfalt örtüyü yenidən çökəcək. Aparılan qazıntı işlərindən sonra həmin ərazinin yenidən asfalt örtüyü ilə örtülməsini təbii ki, sifarişçi həyata keçirməlidir. Əsas məsələ odur ki, həmin sifarişçi yolu əvvəlki vəziyyətinə qaytarmalıdır".
""Azərsu" ASC və digər qurumlar ancaq hər hansı bir podratçı şirkətlə müqavilə imzalaya bilər. Yeni asfalt örtüyünü biz niyə vurmalıyıq? Texniki şərtdə bütün müddəalar yer alıb ki, sifarişçi yolu əvvəlki vəziyyətində bizə təhvil verməlidir. Bizi yalnız texniki şərtin düzgün icra olunması maraqlandırır. Əksər vaxtlarda yol işini düzgün bilməyən podratçı lazım olan materiallardan istifadə etməklə düzgün kipləşdirmə işini aparmadığı üçün bir müddətdən sonra asfalt örtüyü çökür. Bu kimi hallarla qarşılaşdıqda isə mövcud problemi aradan qaldırılması üçün məktubla lazımı orqanlara müraciət edirik" – deyə mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı fikirlərinə əlavə edib.
P.S. Sonda isə bu qənaətə gəlinir ki, sözügedən qurumlar ya öz vəzifələrini kifayət qədər bilmirlər, ya da öz səhvlərini digər qurum üzərinə atırlar. Bu qurumların rəsmilərindən hansının haqlı olduğunu bilmək üçün oxucularımızı "Avtomobil yolları haqqında" Qanunun müvafiq bəndlərini oxumağa dəvət edirik.
Yol mədəniyyətdir, gəlin, mədəniyyətimizi qoruyaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB