Cənub bölgəsində əlillərə protez-ortopedik xidmət göstəriləcək

Cənub bölgəsində əlillərə protez-ortopedik xidmət göstəriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət 2 səyyar tibbi-texniki briqada növbəti dəfə respublikamızın cənub bölgəsində yaşayan əlilləri protez-ortopedik xidmətlə təmin edəcək. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu məqsədlə briqadalardan biri yanvarın 17-də nazirliyin Lənkəran rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində, digəri isə yanvarın 18-də Masallı rayon mərkəzi xəstəxanasında olacaq.

İki gün ərzində bölgədəki Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan ümumilikdə 170 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa xidmət göstəriləcək.

Qeyd edək ki, ötən ay briqadalar tərəfindən Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan 100 nəfərdən çox əlil şəxsə xidmət göstərilib. İl ərzində səyyar protez-ortopediya xidməti ölkənin bütün bölgələrini əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə