Səbail rayonu üzrə 1 saylı sahə inzibati ərazi dairəsi ilk hesabatını verdi FOTO

Səbail rayonu üzrə 1 saylı sahə inzibati ərazi dairəsi ilk hesabatını verdi FOTO

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq 2012-ci ilin sonunda Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılıb. Gənc və işgüzar kadrların çalışdığı bu nümayəndəliklər ötən ilin əvvəlindən tam şəkildə fəaliyyətə başlayıblar. SİA-nın xəbərinə görə, Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Səbail rayonunun mərkəz ərazilərini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib.

Toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən "Şəhidlər Xiyabanı" Kompleksinin ərazisində inşa edilən inzibiti binada nümayəndəlik üçün xüsusi yer ayrılıb, bura hər cür avadanlıq və ləvazimatlarla təchiz olunub.

2013-cü ildə nümayəndəliyin ərazisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, "Alov qüllələri" Kompleksindəki "Fairmont Baku" otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Dağüstü parkın, Qız qalasının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra Səbail rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilib.

Ötən il "Fəvvarələr Meydanı"nda 260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilib, 1 saylı şəhər poliklinikasında, 7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunub. RİH tərəfindən "Şəhidlər Xiyabanı" kompleksində 20 Yanvar cəmiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahları, həmçinin xiyabana xidmət göstərərən təsərrüfat xidmətləri işçiləri üçün inzibati bina tikilib.

Hazırda rayonun mərkəz ərazisində "Alov qüllələri" kompleksinin və "Cənub" mehmanxanasının tikintisi, 10 çox mərtəbəli yaşayış binalarının təmiri və üzlənməsi, İdman oyunları stadionunun, 2 saylı şəhər poliklinikasının əsaslı təmiri aparılır. Ötən il nümayəndəlik tərəfindən ilk növbədə ev təsərrüfatları uçotu kitabları tərtib olunub, bu sahədə aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanıb. Hesabat dövründə ərazidə yerləşən idarə və təşkilarlar, orta və məktəbəqədər təhsil müəssisələri ilə tanışlıq işləri aparılıb, ərazidəki bir sıra müəssisələrdə keçirilən tədbirlərdə iştirak edilib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb.

A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilən sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə