Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovun SİA-ya müsahibəsini təqdim edirik:
- Rəqəmli yayıma keçidlə bağlı ətraflı məlumat verərdiniz. Ümumiyyətlə, bu yayımın nə kimi üstünlükləri mövcuddur?
- Azərbaycanda rəqəmli televiziyaya keçid hələ 2004-cü ildən başlanılmışdı. Bütün beynəlxalq telekommunikasiya ittifaqının üzvü olan ölkələr, o cümlədən Azərbaycan Respublikası "Cenevrə 2006" planına uyğun olaraq 2015-ci ilə qədər tam rəqəmli televiziyaya keçidi təmin etməli və analoq televiziya yayımı respublikada dayandırılmalı idi. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən müvafiq tədbirlər planı həyata keçirilməyə başlanılıb. Bununla yanaşı, Nazirlər Kabinetinin 10 fevral 26 saylı qərarına uyğun olaraq Azərbaycanda rəqəmli televiziyanın tətbiqi və inkişafı proqramı üzrə dövlət proqramı qəbul edilib. Mövcud proqrama uyğun olaraq da RİTN tərəfindən respublikanın bütün bölgələrində rəqəmli televiziya şəbəkəsinin qurulmasına başlanılıb. Bu gün şəbəkədə 83 ədəd rəqəmli televiziya verilişi istismar olunmaqla əhalinin 97 faizini əhatə edən rəqəmli şəbəkə fəaliyyətə başlayıb. Rəqəmli şəbəkəyə keçid zamanı, yəni test müddətində Milli Televiziya Radio Şurasının (MTRŞ) müvafiq qərarına uyğun olaraq sosial paket müəyyənləşdirilib. Həmin sosial paketə dövlət, ictimai və özəl televiziya proqramları daxil edilib. Həmin proqramların da bütün ümumrespublika üzrə lisenziyası var. Şuranın müvafiq qərarına uyğun olaraq Bakıda, Abşeron yarımadasında, o cümlədən respublikanın digər bölgələrində birinci paketdən ibarət 12 kanalın yayımına başlandı. İlk vaxtlar əhalidə rəqəmli televiziya yayımına marağı artırmaq, eləcə də yeni sistemin üstünlüklərini bildirmək məqsədi ilə Şuranın müvafiq icazə əsasında Teleradio İstehsalat Birliyi tərəfindən test yayımı olaraq xarici televiziya kanallarının da Bakıda yayımına başlanılmışdı.
MTRŞ-nın 22 dekabr 2011-ci il tarixli qərarına əsasən sosial və regional paketlər müəyyən olunduqdan sonra respublika ərazisində xarici proqramların yayımına artıq məhdudiyyətlər qoyulub. Yeganə xarici proqram olan Türkiyənin TRT-1 kanalı qalıb. Bu da dövlətlərarası sazişə uyğun olaraq Bakı şəhəri ilə yanaşı bütün bölgələrdə də ümumi əhatə faizi 80 %-dən artıq olmaqla regionlarda yayımlanır. Yanvarın 5-dən etibarən Azərbaycanda xarici televiziya kanallarının dayandırılmadı, sadəcə məhdudlaşdırıldı. Bu gün Bakı şəhərində bir çox operatorlar fəaliyyət göstərir ki, onların vasitəsi ilə bütün xarici televiziya kanalları bağlı rejimdə yayımlanır. Bu həm kabel operatorları – "KATV-1", "KATV-2", "AİLƏ TV", eyni zamanda da efir kabel operatorları – "BB TV", "CONNECT TV" və digər şirkətlər. Bununla yanaşı, Teleradio İB tərəfindən də yayımı həyata keçirilən 2-ci paket, yəni xarici televiziya kanalları olanlar artıq Şuranın müvafiq qərarı ilə Bakıda "ATV+" şirkətinə verilib və həmin şirkət tərəfindən bu yayım davam etdirilir. Sadəcə həmin yayım artıq kod rejimində İsveçrənin kodlama sisteminə malik şəkildə həyata keçiriləcək. Bu gün "ATV+" şirkəti Bakı şəhərində və Abşeron yarımadasında yerli kanallarla birlikdə 94 xarici kanalı yaymaqda davam edir. Əhali həmin şirkətə müraciət etməklə istənilən xarici kanala baxa bilərlər.
- "ATV+" yayım şirkətinə daxil olan kanallar "Azərspace", yoxsa digər peyklər vasitəsi ölkəmizə ötürülür?
- Hər bir televiziya şirkəti özü hər hansı bir peyk üzərində yayımlanması həmin şirkətin hüququdur. Şirkətin peyk operatoru ilə bağladığı müqavilə əsasında həm "Azərspace" peyki üzərindən, həm də digər xarici peyklər üzərindən yayımlana bilir. Kabel operatorları, eləcə də "ATV+" şirkəti həmin kanalları digər peyklərdən qəbul etməklə onun yenidən formatını uyğunlaşdırmaqla yenidən yerüstü yayımını təmin edir. Vətəndaşlar da həmin şəbəkələrə qoşulmaqla müqavilə əsasında həmin proqramları qəbul edə bilərlər. Bu gün dünyanın heç bir ölkəsində açıq efir üzərində xarici ölkələrin kanalları yayımlanmır. Bu həm də Azərbaycana aiddir. Bizim istər dövlət, istərsə də özəl kanallar xarici ölkələrə ya öz peyk şəbəkəsi, ya kabel, ya da digər operatorların vasitəsi ilə yayımlanır. Bir sözlə, birbaşa xidmət göstərən operatorlar üzərindən yayımlanma prosesi yoxdur.
- Bir müddət əvvəl bina evlərində ümumi görünüşə xələl gətirən çanaq antenaları ləğv olundu və əvəzində kabel şəbəkəsi yaradıldı. Yaxın gələcəkdə həyət evlərində quraşdırılan çanaq antenalarının da ləğv olunması gözlənilir?
- Dünyanın müxtəlif ölkələrində çanaq antenalarından istifadə olunur. Hətta bu gün Avropanın istənilən ölkəsinə nəzər salsaq şahidi olarıq ki, ölçüsü 60 sm-dən yuxarı olan antenalar və birbaşa şəhərdəki binaların fasadların görünüşünə xələl gətirən antenaların eyvanlarda quraşdırılmasına icazə verilmir. Həmin antenalar yalnız evlərin damlarında quraşdırılır. Damdan da kabel vasitəsi ilə bütün əhaliyə paylanılır. Bu gün Bakı şəhərində çanaq antenalarının quraşdırılmasına hər hansı bir qadağa yoxdur. Hazırda bu proses ardıcıl şəkildə davam edir. Yalnız şəhərin görməli yerlərində bir sıra məhdudiyyətlər mövcuddur. Həyət evlərində 1.5- 1.8 metrlik antenalar quraşdırılır ki, bu da ümumi görünüşə xələl gətirir. Ona görə də həmin antenalar elə yerlərə quraşdırılmalıdır ki, ümumi görünüşə heç bir maneçilik törətməsin.
- Həmin çanaqları "Azərspace" peykinə kökləmək mümkündürmü?
- Bu gün "Azərspace" üzərindən təkcə Teleradio İstehsalat Birliyi tərəfindən Azərbaycan paketi ilə yanaşı xarici kanalların yayımı da həyata keçirilir. Əgər bu gün vətəndaşlar TÜRKSAT və ya Avropa peykinə köklənmiş antenalara 46 dərəcə "Azərspace" peykinə yönləndirərlərsə, o zaman həmin peyk vasitəsi ilə 60-dan çox xarici kanala heç bir ödəniş etmədən baxa bilərlər.
- Vətəndaşlar xarici kanallar içərisindən seçim etmək imkanına malikdirlərmi?
- Əhali istər kabel, istər özəl təşkilat, istərsə də peyk vasitəsi ilə olan kanallar arasından seçim edə bilərlər. Yaxud da həmin yayımı həyata keçirən kanalın özündən asılıdır. Peyk üzərindən kanalların yayımı maya dəyəri çox yüksək olan xərc tələb edir. Ona görə də əhali istədiyi qədər kanal seçə bilərlər. Bununla yanaşı, "Azərspace"-də olmayan xarici kanallara baxmaq istəsələr, o zaman digər xarici peyk vasitəsi ilə açıq yayımda olan kanalları qəbul edə bilərlər. Lakin Bakıda fəaliyyət göstərən operatorların mövcud sayda kanalları var. Misal olaraq, bu gün BB TV-də, CONNECT TV-də 120-dən artıq, "ATV+" 90 kanal, KATV-də isə 100-dən çox kanal nümayiş olunur. Həmin paketlərin içərisində isə ayrı-ayrı paketlər var. Vətəndaşlar isə istəyinə uyğun olaraq kanallar seçə bilərlər.
- Rəqəmli yayıma keçidlə bağlı xüsusi televizorlar var. Eyni zamanda müəyyən qurğular da artıq satışdadır. Başqa hansı texniki avadanlıqlara ehtiyac var?
- Son 10 ildə istehsal olunan televizor qəbuledicilərinin daxilində həmin qurğular mövcuddur. Onlara heç bir əlavə qurğu lazım deyil. Analoq yayımı qəbul edən televizorlarda belə rəqəm qəbuledicisi olmasa da bu gün satışda qiyməti 25-30-40 manatdan çox olmayan müxtəlif ölkələrin istehsalı olan dekoder qurğular mövcuddur. Həmin qurğuları da şəhərin istənilən satış nöqtəsindən əldə etmək mümkündür. Həmin dekoderlər yalnız sosial paketi olan proqramları qəbul edə biləcək. Digər bağlı olan xarici kanallara baxmaq istəsələr, o zaman "ATV+" şirkətinin satışda olan dekoderlərini əldə edə bilərlər. Yeni televizor alanlara məsləhət görərdim ki, mütləq şəkildə həmin televizorda rəqəmli "dvtb mpekt 4" standartlı qəbuledici olmalıdır. Həmin qəbuledici tam modul olmalıdır ki, istər açıq, istərsə də bağlı kanalları həmin televizor vasitəsi ilə heç bir əlavə qurğu quraşdırılmadan qəbul etmək mümkündür.
- Aztəminatlı ailələrə dekoderlərin verilməsi prosesi nə yerdədir?
- 2013-cü ildə RİTN tərəfindən aztəminatlı ailələrə dekoderlərin pulsuz çatdırılması və ya müəyyən güzəştlərlə verilməsi ilə bağlı həm Nazirlər Kabineti, həm də Maliyyə Nazirliyinə müraciət ünvanlanıb. Həmin qərar Nazirlər Kabineti tərəfindən qəbul olunarsa, o zaman 134 minə yaxın əhali güzəştli şəkildə həmin dekoderlərlə təmin olunacaq.
- Xarici radioların Azərbaycanda qısa dalğada yayımlanması istiqamətində hansı işlər görülür?
- Sərhəd zonalarında istər televiziya, istərsə də radio proqramları qonşu ölkələrin ərazisində yayımlanır. Son 5 ildə RİTN və digər müvafiq qurumlar tərəfindən birgə tədbirlər həyata keçirilir. Bununla da kənar yayımların qarşısı alınır. Son bir neçə ayda digər xarici ölkələr tərəfindən qısa dalğalarda yayımlar müşahidə olunmaqdadır. Bir neçə qısa dalğada Azərbaycanın da radiosu yayımlanır ki, bu da digər ölkələrə də ötürülür. Beynəlxalq Telekommunikasiya İttifaqının mövcud qanununa uyğun olaraq hər hansı bir ölkənin kanalı digər ölkənin ərazisinə müəyyən məsafədə keçə bilər. Bu yalnız o şərtlə ola bilər ki, həmin ərazidə olan kanalın yayımına heç bir maneçilik törədilməsin. Rabitə nazirliyi, eləcə də Teleradio İB tərəfindən aylıq monitorinqlər həyata keçirilir. Bu kimi yayımların qarşısını almaq üçün Şabran rayonunun Dağbilici kəndində hündürlüyü 30 metr olan yeni teleötürücü qüllə inşa olunub və orada texniki binanın tikintisi nəzərdə tutulub. Bu ilin yay ayında bu işlər həyata keçiriləcək. eyni zamanda Xaçmazın Yalama kəndlərində də bu cür stansiyaların tikintisi də nəzərdə tutulub. Bu gün bir neçə sərhəd zonalarında mövcud olan stansiyalar vasitəsi ilə bu tip yayımların qarşısı alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB