Akademik Zərifə Əliyevaya həsr olunan biblioqrafik göstərici FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr edib. SİA-nın xəbərinə görə, nəşrin tərtibçi müəlli filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbatda və ayrı-ayrı məcmuələrdə dərc olunan elmi məqalələri daxil edilib. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilib: Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri; Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Zərifə Əliyeva haqqında; Əsərlərinin biblioqrafiyası; Dissertasiyalara elmi rəhbərlik; Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında ədəbiyyat; Veblioqrafiya.
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin "Böyük insan, unudulmaz alim" adlı məqaləsində, akademik Əhliman Əmiraslanovun "Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk"ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib. Biblioqrafik-göstərici Akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB