Çexiya universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

Çexiya universitetinin rektoru Bakı Ali Neft Məktəbində olub

Çexiya Respublikasının Praqa Karls Universitetinin rektoru professor Vatslav Hampl və Universitetin elm və yaradıcılıq fəaliyyəti üzrə prorektoru, professor Petr Volf Bakı Ali Neft Məktəbində olub. SİA-ya təhsil ocağının mətbuat xidmətindən verilən məlumata görə, rektor Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti barədə məlumat verib.

E.Qasımov Bakı Ali Neft Məktəbinin prezident İlham Əliyevin irəli sürdüyü "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarının yerinə yetirilməsi üçün yeni yaradılmış ali təhsil müəssisəsi, bu cür təhsil müəssisələrində mütərəqqi islahatların həyata keçirilməsinin asan olduğunu bildirib. Fəaliyyətinin 2 ili ərzində Bakı Ali Neft Məktəbinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində lider olduğunu, mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları əsasında həyata keçirildiyini, məzunlara 2 diplom veriləcəyini və təhsil müəssisəsi üçün yeni kampus tikildiyini vurğulayıb.

Rektor Bakı Ali Neft Məktəbinin Karls Universiteti və Çexiya Respublikasının digər universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu bildiriblər.

Bakı Ali Neft Məktəbinə dəvət olunduğuna görə minnətdarlığını bildirən professor Vatslav Hampl müasir tipli ali məktəbin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb. Rəhbərlik etdiyi universitetlə kimya, geologiya, geofizika sahələrində təhsillə bağlı əməkdaşlığın mümkün olduğunu və Bakı Ali Neft Məktəbinin Çexiyanın digər mühəndis hazırlayan universitetləri ilə əlaqələrinin qurulmasında yardım göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq diplomu" təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə