BŞGİBİ 2014-cü il üçün fəaliyyət planını açıqladı

BŞGİBİ 2014-cü il üçün fəaliyyət planını açıqladı

"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birgə 2014-cü il üçün tədbirlər planını təsdiqləyib. Plana əsasən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələri üzrə bir çox tədbirlər həyata keçiriləcək". Bu barədə SİA-ya idarənin mətbuat katibi Səadət Qurbanova qurumun 2014-cü il üçün fəaliyyət planından danışarkən deyib.

Onun sözlərinə görə, ötən ilki kimi bu il də BŞGİBİ tərəfindən istər gənclər, istəsə də idman sahəsində bir sıra tədbirlər və işlərin həyata keçirilməsi nəzərdə tutulub: "2014-cü ildə idman sahəsində keçiriləcək tədbirlərə müxtəlif yaş qrupları üzrə Bakı şəhər birincilikləri, çempionatı və kuboku ilə yanaşı, 2007-ci ildən ənənəvi olaraq keçirilən məhəllələrarası mini - futbol turniriləri, Respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi, daha dəqiq desək, Azərbaycanın Milli Qəhrəmanlarının və görkəmli şəxslərin xatirəsinə və şərəfinə həsr olunan müxtəlif idman növlərini əks etdirən yarış və turnirlər daxildir".

Mətbuat katibi söyləyib ki, bu il müxtəlif bayramlar və hüzn günləri ilə əlaqədar gənclər və idman sahələrini əhatə edən geniş tədbirlərin keçiriləcəyi planlaşdırılır: "Bura "20 Yanvar" faciəsi və "Xocalı Soyqırım"ı, "2 Fevral – Gənclər Günü", "5 Mart – Bədən Tərbiyəsi və İdman Günü", "Novruz Bayramı", "Gül Bayramı", "28 may – Respublika Günü", "Müstəqidllik günü", "12 Noyabr konstitusiya günü", "9 Noyabr- Dövlət bayrağı Günü" və digər əlamətdar günlərə həsr olunan çoxsaylı idman yarışları, rəsm müsabiqələri, konfranslar, dəyirmi masalar və elektron aksiyalar daxildir".

Gənclər sahəsi ilə bağlı keçiriləcək tədbirlərə gəlincə S, Qurbanova vurğulayıb ki, baş idarə 2014-cü ildə gənclər sahəsi üzrə də bir çox tədbirlər keçirməyi planlaşdırır ki, bura "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü", "21 sentyabr – Beynəlxalq Sülh Günü" münəsibətilə uşaq evləri, internat məktəblərində "SOS" uşaq kəndində bir çox tədbirlər təşkili, sosial yardıma ehtiyacı olan uşaqlara yardım və onlar üçün şənliklərin təşkil olunması, bundan başqa tələbələrin iştirakı ilə bir sıra rayonlara ekskursiyası daxildir: "Bundan əlavə, gənclər sahəsi ilə bağlı əsas tədbirlərimizdən biri "Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır" devizi altında hərbi vətənpərvəlik düşərgəsinin keçirilməsidir ki, bununla bağlı müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində görüşlər, tələbələr arasında intellektual oyunların keçirilməzi nəzərdə tutulur. Bu il görüləcək işlərə narkomaniyaya qarşı küçə aksiyaları, dəyirmi masalar, müxtəlif dövlət qurumları ilə ikitərəfli əməkdaşlıqlar daxildir".

Mətbuat katibi onu da qeyd edib ki, bu il idarə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa və 2017-ci ildə İslam Oyunlarında bəzi təşkilati işlərdə və könüllülərin hazırlanması prosesində də yaxından iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə