Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun həyətyanı təsərrüfatında yetişdirdiyi konfet ağacı növbəti dəfə bar verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Nizam Cabbarov konfet ağacının meyvəsinin toxumlarını hələ 1980-ci ildə cücərtməklə şitillərini torpağa əkib. Aqrotexniki qulluq sayəsində konfet ağacı 2 il sonra bar verib. İndi Nizam Cabbarovun həyətində ondan çox konfet ağacı boy atır.
Bağbanın bildirdiyinə görə, vətəni Yaponiya, Çin, Hindistan və Koreya sayılan bu ağac Azərbaycanda ilk dəfə 1935-ci ildə Mərdəkanda botanika bağında yetişdirilib. Sonralar konfet ağacından respublikanın subtropik iqlim şəraitinə məxsus ərazilərində, eləcə də Lənkəran rayonunda əkib çoxaldıblar. Sonradan baxımsızlıq ucbatından həmin ağacların hamısı məhv olub. Nizam isə konfet ağacının sayını artıraraq, ondan tanışlarına, qonşulara da hədiyyə edib. N.Cabbarovun sözlərinə görə, konfet ağacı iyun ayının ortalarında çiçək açır:"Bu zaman arılar ağacın ağ çiçəklərinə qonaraq nektar toplayırlar."
Maraqlıdır ki, konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kalium vardır. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir.
Qeyd edək ki, Azərbaycan üçün nadir bitki növlərindən sayılan konfet ağacının adı ölkənin "Qırmızı kitab"ına daxil edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB