"Bələdiyyələr hər 6 aydan bir seçicilər qarşısında hesabat verməlidir" Münasibət
"Bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrin fəaaliyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur: "Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq qanunvericilikdə edilən əlavə və dəyişikliklər də bu təkmilləşdirmənin əsas amillərindən sayıla bilər. Əslində, ilk seçkidə bələdiyyələrin yalnız təşkilatlanması və formalaşdırılması istiqamətində addımlar atılmışdı".
Onun sözlərinə görə, bu gün ölkədə 1800-ə yaxın bələdiyyə fəaliyyət göstərir: "Fikrimcə, zərurət yarandıqca birləşmə prosesi davam etməlidir və bunun əsasında daha nümunəvi bələdiyyələr yaradılmalıdır. Eyni zamanda, şəhər, qəsəbə və kənd bələdiyyələrinin assosiasiyaları fəaliyyət göstərir ki, bu çox normal və qanunauyğun bir hal sayılmalıdır. Bütün ölkələrdə bu tip qurumlar fəaliyyət göstərir. Bu qurumların yaradılması bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə yaxından kömək göstərir. Digər tərəfdən, bu assosiasiyalar beynəlxalq təcrübənin öyrənilməsində, beynəlxalq təşkilatların toplantılarında iştirak etməkdə və bu təcrübəni yerli bələdiyyələrə çatdırmaqda mühüm rol oynayır. Bildiyiniz kimi, bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Düşünürəm ki, hər seçilən yeni bələdiyyələr öz fəaliyyətini daha da təkmilləşdirir, respublikamızın sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər".
Milli Məclisin yaz sessiyasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin təqdim olunacağını deyən komitə üzvü sözlərinə əlavə edib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qanunvericilikdə öz əksini tapır: "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi olduqca vacib bir şərtdir. Bu vəzifəni Ədliyyə Nazirliyi həyata keçirir. İnzibati nəzarət dedikdə bələdiyyələrin səlahiyyətlərinə müdaxilə nəzərdə tutulmur. Sadəcə, bələdiyyələrin qanunvericiliyə əməl etməsinə nəzarət prosesi həyata keçirilir. Bundan başqa, bələdiyyələrin qəbul etdiyi qərarların hüquqi baxımdan düzgün olub-olmamasının da öyrənilməsi də bu nəzarətə aiddir. Məsələn, torpaqların verilməsində, bələdiyyələrin sərəncamlarında qanunvericiliyə əməl olunması, o cümlədən, bələdiyyə maliyyəsinin xərclənməsi prosesində qanunun tələblərinə riayət olunması inzibati nəzarətin tərkibinə daxildir. Ona görə də, bu sahə ilə əlaqəli protokollar yerlərdə yoxlanılır, həmin sənədlərin bir surətini də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərirlər. Digər tərəfdən, artıq regionlarda da bu mərkəzin filialları fəaliyyət göstərir. Bu mərkəzdə fəaliyyət göstərən hüquqşünaslar da bu qərarların verilməsinin hüquqi aspektini təşviq edirlər".
Millət vəkili hesab edir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir: "Bələdiyyələrlə vətəndaşların münasibətlərinin tənzimlənməsi əsas diqqət mərkəzində olmalıdır. Digər tərəfdən, bələdiyyələrin problemləri ilə yaxından tanış olmaq lazımdır. Ölkəmizdə bələdiyyələrin inkişafına diqqət və qayğı göstərilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramlarının həyata keçirilməsində bələdiyyələrin də iştirakı var. Bələdiyyə sağlam bir təşkilat olmalı, öz fəaliyyətini əhali ilə qarşılıqlı əlaqə müstəvisində qurmalı və bu prosesdə vətəndaşların iştirakının fəallığını təmin etməlidir".
"Vətəndaşlarımız da bələdiyyələrin inkişafında maraqlı olmalıdır, onların inkişafına maddi və mənəvi dəstəklərini göstərməlidirlər. Əks halda, bələdiyyələrin inkişafından danışmağa dəyməz. Çünki müəyyən vergilər, ödənişlər var ki, onlar vətəndaşlar tərəfindən verilir. Əgər vətəndaşlar bu vergiləri verməsə və qarşılığında da bələdiyyələrin maliyyə vəsaiti olmasa hansısa bir işin görülməsi problem olar. Fikrimcə, vətəndaşlar hər il öz bələdiyyələrinin hesabatlarını dinləməlidirlər. Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq hər 6 aydan bir öz seçiciləri qarşısında hesabat verməlidir. Bələdiyyələr də daim öz büdcəsini formalaşdırmalı, onu müzakirəyə çıxarmalı və prosesdə şəffaflıq təmin olunmalıdır" – deyə, Tahir Rzayev məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB