Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevardı qəbul edib. Ombudsmanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi birgə fəaliyyətin davamlılığını təmin etmək və 2014-cü il üzrə Müvəkkilin YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmək olub.
Bu əməkdaşlıqda və birgə imzalanan iş planı əsasında uşaqlara ünvanlanan fəaliyyətin səmərəliliyi vurğulanıb, De-institutlaşma proqramının həyata keçirilməsi istiqamətində ailələrə qaytarılan uşaqların, əlil və dövlət müəssisələrində olan uşaqların vəziyyətinin öyrənilməsi ilə bağlı Ombudsman və əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər, aidiyyəti qurumlara bu araşdırmaların nəticələri üzrə göndərilmiş təkliflər, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikamızın regionlarında müsbət təcrübə kimi həyata keçirilən Uşaq hüquqlarının Pilləli tədrisi sahəsində işlər diqqətə çatdırılıb.
Müvəkkil adı çəkilən tədrisi proqramının tətbiqi prosesində yaradılan "Uşaq hüquqlarının tədrisi mərkəzləri"nin, o cümlədən YUNİSEF-in dəstəyi ilə yaradılmış, Təhsil Nazirliyinin balansında olan resurs mərkəzləri ilə də bağlı fəaliyyətinin genişləndirilməsi, həmin mərkəzlərin fəaliyyətinin uşaq hüquqlarının təbliğinə yönəldilməsi təklif olunub.
Ombudsmanın uşaq hüquqlarının tədrisi məqsədilə nəşr olunmuş dərs vəsaitlərinin çap edilərək çoxaldılmasının zəruriliyi vurğulanıb.
Görüşdə orta məktəblərdə müəllimlər və uşaqlar arasında sağlam həyat tərzi, uşaqların zərərli vərdişlərdən - içki, narkotik vasitələr, siqaretdən istifadə edilməsi, o cümlədən uşaqlara qarşı cinsi zorakılıq hallarının aşkarlanması və aradan qaldırılması ilə bağlı araşdırmanın aparılması, "Biznes və uşaq hüquqları" mövzusunda müvafiq qurumlarla dəyirmi masanın keçirilməsi, polis, ədliyyə, prokurorluq işçiləri və vəkillər üçün "Yuvenal ədliyyə və uşaq hüquqları" mövzusunda təlimin təşkili, yerli icra hakimiyyətləri yanında Qəyyumluq və himayə orqanlarının, o cümlədən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan treninqlərin keçirilməsi istiqamətində əməkdaşlıq və s. məsələlər müzakirə edilib.
Fikir mübadiləsi şəraitində keçən görüşdə uşaq hüquqlarının müdafiəsi və təbliği üzrə fəaliyyətin geniş səviyyədə təşkili, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə tədbirlərinin daha da genişləndirilməsi, "Cismani cəza haqqında" və "Yuvenal ədliyyə haqqında" Qanun Layihələrinin qəbul edilməsi, habelə 2008-ci ildə imzalanıb "Uşaqların cinsi istismar və sui- istifadədən müdafiəsinə dair" Avropa Şurası Konvensiyasının ratifikasiyasının sürətləndirilməsi məqsədilə Milli Məclisə müraciət edilməsi və başqa məsələlər müzakirə olunub.
YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri Mark Herevard səmimi qəbul üçün Ombudsmana minnətdarlığının bildirib, səsləndirilən təkliflər, müzakirə olunan məsələlərlə bağlı qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB