Baş Prokurorluq 373 namizədin sənədlərini qəbul edib

Baş Prokurorluq 373 namizədin sənədlərini qəbul edib

Prokurorluq orqanlarında 2002-ci ildən tətbiqinə başlanılan və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq daha da geniş vüsət alan qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin mütərəqqi və şəffaf prosedurlar əsasında formalaşdırılmasına və yüksək peşə hazırlığı, zəngin dünyagörüşü ilə fərqlənən gənc hüquqşünasların prokurorluqda qulluq keçmək arzusunun reallaşmasına geniş imkanlar yaradıb. SİA-nın məlumatına görə, Baş Prokurorluq tərəfindən Prezidentin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilən "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan edilən növbəti müsabiqə ilə bağlı sənədlərin qəbulu 30 dekabr 2013-cü il tarixdə başa çatıb.

Müsabiqədə iştirak etmək üçün müraciət edən şəxslərdən qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən 373 namizədin sənədləri qəbul edilib. Sənədlərini təqdim edən namizədlərin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə müsabiqənin aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət mərhələləri cari ildə təşkil ediləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçiriləcək test imtahanının vaxtı, yeri və imtahanla bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Baş Prokurorluğun Qəbul otağında yerləşdirilən lövhədə əlavə məlumat veriləcək.

Namizədlərin diqqətinə çatdırılır ki, test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlardan, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasından istifadə edilib.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə