"Hidrogen qazının alınması istiqamətində tədqiqatlar aparılır"

"Hidrogen qazının alınması istiqamətində tədqiqatlar aparılır"

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda uzun illərdir radiasiya, fotokimyəvi üsulla su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi-tədqiqat işləri aparılır. SİA-nın məlumatına görə, hazırda bu kimi tədqiqat işləri bir neçə laboratoriyalarda, o cümlədən "Enerjitutumlu radiasiya prosesləri" laboratoriyasında da həyata keçirilir.

Laboratoriya müdiri, kimya elmləri namizədi Hökmən Mahmudovun sözlərinə görə, tədqiqatlar atom-hidrogen energetikası sahəsini əhatə edir: "Məqsəd ənənəvi enerji resurslarının azaldığı və alternativ enerji mənbələrinə artan təlabata uyğun olaraq, eyni zamanda "gələcəyin enerjisi" adlandırılan hidrogen energetikasını inkişaf etdirməkdir. Belə ki, bu sahənin təbii ehtiyyatları kifayət qədərdir. Bir çox inkişaf etmiş Yaponiya, Amerika, İngiltərə, Koreya və digər ölkələrdə də bu sahədə tədqiqatlar aparılır, alınan nəticələr müxtəlif nəşriyyatlarda dərc olunur".

Hökmən Mahmudov onu da qeyd edib ki, hidrogen energetikasının digər sahələrdən üstünlüyü ondadır ki, hidrogenin yanması zamanı ətraf mühitə zərərli tullantılar buraxılmır: "Son dövrün araşdırmaları göstərir ki, yanacaq elementləri (fuel cell) texnologiyalarının inkişafı imkan verəcək ki, alınmış hidrogen qazı yanacaq elementlərinə verilsin və nəticədə elektrik enerjisi əldə edilsin. Yanacaq elementi sistemində kimyəvi enerji mexaniki enerjiyə çevrilir. Tədqiqatların aparılmasında xüsusi üsullar və dəqiqliklər tələb olunur. Belə ki, vakum şəraitində distillə olunan su və müxtəlif nisbətlərdə nanokatalizatorlar sistemi hazırlanıb xüsusi qablarda stasionar vəziyyətdə yüksək enerjili şüa mənbələrində şüalandırılır və yaranan məhsullar analiz olunur. Müqayisəli təhlillər göstərir ki, nanokatalizatorların səthində molekulyar hidrogenin yaranması daha sürətlə baş verir, nəticədə çıxım daha böyük olur".

Bütün xəbərlər Facebook səhifəmizdə