YAP-çı millət vəkili qadın məmurlardan danışdı

YAP-çı millət vəkili qadın məmurlardan danışdı

Təhsil sektorunda çalışan 30 yaşlı Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakiminin müavini təyin edilib. SİA-nın məlumata görə, gənc xanım humanitar məsələlər üzrə müavin kimi fəaliyyətə başlayıb. Artıq A.Məmmədova icra başçısının müavini kimi bir neçə tədbirdə də iştirak edib.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə idarəetmə orqanlarında qadın kadrların önə çəkilməsi məsələsinə münasibət bildirib. Millət vəkili xanımların rəhbər vəzifələrdə çalışmasını müsbət qarşılayıb: "Bakı Baş Təhsil İdarəsinin məsləhətçisi Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakimi başçısının humanitar məsələlər üzrə müavini təyin edilib. Bundan əvvəl isə 25 yaşlı Aygün Əliyeva ötən ilin dekabrında Binəqədi rayon icra hakimiyyəti başçısının müavini təyin edilmişdi. İdarəetmə orqanlarında qadın kadrların irəli çəkilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyevin kadr siyasətində daha bir müsbət amil kimi qiymətləndirirəm".

A.Mirzəzadənin sözlərinə görə, əvvəldən də Azərbaycanda məsul vəzifələrdə qadın kadrların təyinatı özünü tamamilə doğruldurdu: "Azərbaycan Prezidentinin Katibliyinin rəisi Dilarə Seyidova, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullayevanın işlərinə məsuliyyətlə yanaşmaları həmişə Azərbaycan cəmiyyətinin diqqətində olub. Vəzifələrinin adlarını çəkməsəm də Bahar Muradovanın, Sona Salmanovanın, Məleykə Abbaszadənin, Hicran Hüseynovanın, Gülçöhrə Məmmədovanın, Aqiyə Naxçıvanlının, Sevinc Həsənovanın, Xalidə Bayramovanın və digərlərinin fəaliyyəti bu gün təkcə məşğul olduqları sahənin insanları üçün deyil, bütün Azərbaycan xalqına yaxşı məlumdur".

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı həmişə uğurlu və məsuliyyətli qadın kadrları ilə tanınıb: "Qadınlara məxsus səliqəlilik, məsuliyyət, insanlara humanist yanaşma həmişə öz müsbət nəticəsini verib. İşlərinə yaradıcı yanaşma çalışdıqları sahənin qarşısında duran məsələlərin həllinə həmişə təsir edib, cəsarətlə problemlərin həllinə çalışıblar. Azərbaycan qadınları Şərqdən gələn xüsusiyyətlərlə həm rəhbər, həm ana, həm həyat yoldaşı rolunu uğurla həyata keçirirlər. Ona görə də onları inam və cəsarətlə irəli çəkmək siyasəti təqdirəlayiqdir. Məsuliyyət və çalışqanlıq onların genetik yaddaşında, cəmiyyətdə qazandıqları yüksək hörmətin əsasındadır".

Qeyd edək ki, 1983-cü il təvəllüdlü A. Məmmədova AMEA-nın disertantıdır. Filologiya üzrə fəlsəfə doktoru olan gənc xanım evlidir. Bir övladı var. İcra hakimiyyətinə gətirilməzdən əvvəl A. Məmmədova Bakı Baş Təhsil İdarəsində məsləhətçi işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə