Artıq tərəqqi və uğurlarla dolu olan "Heydər Əliyev ili" – 2013-cü il tarixə qovuşdu. Hər gün dəyişən, müasirləşən Azərbaycanımızda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinin dövlət səviyyəsində qeyd olunması, xalqımızın prezident seçkilərində növbəti dəfə dahi şəxsiyyətin siyasi xəttini dəstəkləməsi ilə əlamətdar oldu. İqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər növbəti ili bayram əhval-ruhiyyəsi ilə qarşılamağa imkan verir. Muxtar respublikanın sakinləri muxtariyyətimizin 90 yaşını qeyd edəcəyimiz 2014-cü ildə daha böyük uğurlara nail olmaq əzmindədirlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Naxçıvan Muxtar Respublikasında yüksək coşqunluq və bayram gəzintisi şəraitində qeyd edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki mərkəzi meydanda bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilib. Dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi bayram əhval-ruhiyyəsi ilə meydana toplaşıb. Vətənimizi, həmrəyliyi, milli dəyərləri, Yeni ili tərənnüm edən mahnıların sədaları meydana toplaşan minlərlə sakinə xoş ovqat bəxş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və digər iki yerdə quraşdırılan monitorlarda canlı yayımlanıb. Azərbaycan xalqına səmimi təbriklərini çatdıran dövlətimizin başçısı deyib: "Dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz vətəndaşları üçün çalışır, vətəndaşlarının qayğıları ilə yaşayır. Müasir, dinamik, demokratik dövlət ki, bu gün bütün azərbaycanlıların Vətənidir".
Gecə saatlarında – Yeni ilin ilk nəfəsi duyulanda çoxminli şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB