Tovuz rayonunda əsgərlər və hərbiçilər üçün bayram tədbiri keçirilib FOTO

Tovuz rayonunda əsgərlər və hərbiçilər üçün bayram tədbiri keçirilib FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonundakı Mədəniyyət Evində Ermənistan ilə ön cəbhədə yerləşən "N" saylı hərbi hissənin əsgərləri və zabitləri üçün tədbir təşkil olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva əsgərləri və zabitləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. O deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Q.Paşayeva əmin olduğunu bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad ediləcəkdir və bayrağımız həmin ərazilərimizdə dalğalanacaqdır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə Azərbaycan haqqında silsilə proqramlar hazırlayacaq TRT Avaz kanalının "Kültür Harmanı" proqramının yaradıcı heyətinin üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıblar.

Tədbir Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahanın, rayonun tanınmış sənətçilərinin, uşaq və gənclərdən ibarət musiqi qruplarının, səhnə ustalarının ifasında konsert proqramı ilə davam edib. Sənətçilər əsgərlərlə bərabər "Azərbaycan əsgəri" və "Yaşa mənim xalqım" mahnılarını birlikdə oxuyublar.

Sonda xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə