31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin və onun çoxsaylı qonaqlarının sevimli gəzinti və istirahət yeri olan Səbail rayonu ərazisində geniş miqyaslı abadlıq işləri aparılıb. Bununla əlaqədar "Yeni nəsil" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin üzvləri və Səbail rayon gənclərinin birgə təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin cənub-qərb istiqamətində çıxışındakı "Şıx" ərazisində, Salyan yolunun kənarında iməclik keçirilib.
SİA-nın məlumatına görə, 100-dən çox gəncin iştirak etdiyi iməclikdə 500-ə yaxın Eldar şamı, sərv ağacı, kiparis, zeytun və digər ağac, yeni gül kolları əkilib, əvvəllər əkilən ağaclara qulluq göstərilib. Aksiya zamanı ərazidə xüsusi olaraq quraşdırılmış su qurğuları vasitəsi ilə ağacların, kolların və əkilən qazon qatının suvarılması aparılıb. Həmçinin, bir sıra qurumuş ağaclar da yeniləri ilə əvəz olunub. Bununla yanaşı, mövsüm ərzində bu ərazidə əkilən ağaclara, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.
Tədbirlə bağlı "Yeni nəsil" Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Atatürk Kamallı bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişinə həsr olunan "Sağlam təbiətdə – sağlam cəmiyyət" adlı tədbir İctimai Birlik üzvləri ilə Səbail rayon gənclərinin birgə təşkil etdikləri ilk aksiyadır: "Aksiyada birliyin üzvləri gəncləri ziyanlı vərdiş olan siqaret çəkilməsindən uzaqlaşdırmaq və onları sağlam həyat tərzinə, idmanla məşğul olmağa cəlb etmək məqsədi ilə siqaretə yox deməyə, buna sərf etdikləri vəsaiti toplayıb yeni ağaclar alaraq şəhərin müxtəlif istirahət yerlərində əkməyə çağırıb və bu günkü aksiya zamanı əkilən ağacların 100-ü məhz siqaretdən imtina edən gənclərin vəsaiti hesabına alınıb".
Atatürk Kamallı gənclərə göstərilən dəstəyə görə Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığını bildirərək gələcəkdə də bu kimi tədbirlərin keçiriləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB