İnsanlar kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkalarından razılıqlarını bildiriblər
Məlumat verildiyi kimi, Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə dekabrın 28-dən 31-dək Bakının müxtəlif yerlərində satış yarmarkaları təşkil olunub.
Bayram yarmarkaları Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsindəki 6 nömrəli peşə liseyinin həyətində, Xətai rayonunda yerləşən Bakı kinoteatrının yanında, Nərimanov rayonunun Əliyar Əliyev küçəsi 26 ünvanda - "Bakı Taxıl" ASC-nin ərazisində, Nəsimi rayonunda yerləşən "Təzə bazar"da, Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 nömrəli məktəbin yanında, Suraxanı rayonunun Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2 ünvanda, Yeni Günəşli qəsəbəsindəki "Günəş" ticarət mərkəzinin yanında və Yasamal rayonunun Şərifzadə küçəsi 131 ünvanda - Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təşkil edilib.
Dörd gün davam edən yarmarkalarda satışa müxtəlif bayram çərəzləri və ərzaq malları, mövsümə uyğun olaraq meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılıb.
"Təzə bazar" MMC-nin həyətindəki yarmarkada dekabrın 31-də alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 24,7 ton məhsul, o cümlədən 0,5 ton ət, 0,2 ton ağartı, 4 tonu kartof olmaqla 8 ton tərəvəz, 5 ton meyvə və s. təklif olunurdu. Ümumilikdə, dekabrın 28-dən 31-dək yarmarkada 100 tondan çox məhsul satılıb.
Yeni il ərəfəsində yarmarkada satılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən balqabaq, yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, göyərti, həmçinin meyvələrdən alma, armud, nar, heyva və digər meyvə-tərəvəzlər təşkil edib.
Paytaxt sakinləri təzə və keyfiyyətli məhsullar alır, bəzi məhsulların bazarlardakından ucuz olduğuna görə yarmarkanın təşkilatçılarına, fermerlərə və digər torpaq mülkiyyətçilərinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 45-60, kartof 70-90 qəpiyə və s. satılıb.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş satış yarmarkasının sonuncu günündə - dekabrın 31-də burada 50 tonadək məhsul satılmışdır. Ümumilikdə isə dörd gün davam edən yarmarkada bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Quba, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri, həmçinin Bakı şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 40-dək şirkət və firma tərəfindən 230 tona yaxın meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, süd və süd məhsulları, konservləşdirilmiş qidalar, un və un məmulatları, müxtəlif çərəzlər və s. satılıb.
Yarmarkada fermerlər və digər torpaq mülkiyyətçilərinin təklif etdikləri meyvə-tərəvəzlərdən əlavə, Giləzi və Məmmədi quşçuluq fabriklərindən gətirilmiş 8 min ədəd yumurtanın 1 ədədi 10-11 qəpiyə satıblar. Eyni zamanda, "Artbiznes" şirkəti yarmarkaya 25 tona yaxın kartof və soğan gətirib. Kartofun kiloqramı 70, soğan isə 45 qəpiyə təklif edilib.
Bütün məhsullar bazarlardakından 25-30, bəziləri hətta 40 faizədək ucuz satılıb.
Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılıb.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya 4 gün ərzində əhaliyə satılmaq üçün Ağdaş, Salyan, Masallı, Qusar və digər rayonlardan 35 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və digər ərzaq malları çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, əlamətdar bayramlarla bağlı yarmarkaya gətirilmiş məhsulların çeşidi xeyli dəyişib. Çalışmışıq ki, bayram günlərində qəsəbə sakinləri süfrələrini lazımi məhsullarla bəzəyə bilsinlər.
Hacıqabul quşçuluq fabrikindən gətirilmiş 36 min ədəd yumurta da qəsəbə sakinlər tərəfindən həvəslə alınıb.
Bayram yarmarkasında qiymətlər bazarlardakından 20-30 faizədək ucuz olub. Alıcılar kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, alma, xurma, naringi və digər məhsulları həvəslə alıblar.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Suraxanı rayonunun ərazisində açılmış bayram yarmarkalarının sonuncu günündə – dekabrın 31-də 16 ton məhsul satılıb. Ümumilikdə isə dörd gündə "Günəş" ticarət mərkəzində (34,6 ton) və "Suraxanı Maşınqayırma Zavodu" Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (15,4 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş 50 ton məhsul çıxarılıb. Daxil olmuş məhsulun, demək olar ki, hamısı satılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkaya ölkədə fəaliyyət göstərən ayrı-ayrı şirkət və firmalar da öz istehsalları olan ət, süd, konserv məhsullarını, un və un məmulatları, yağ, şirniyyat və digər ərzaq mallarını da çıxarıblar. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuz olmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Bayramlar ərəfəsində Xətai rayonunda yerləşən "Bakı" kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 400 tonadək müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib və hamısı satılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuz olub. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada sərfəli qiymətə təklif edilmiş heyva, naringi, portağal, feyxoa, nar, xurma, alma, yerkökü, çuğundur, xiyar, pomidor, kartof, soğan, bibər, göyərti və digər məhsulların hamısı satılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, dekabrın 31-də Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 19 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 1,5 min ədəd yumurta gətirilmişdir. Ümumilikdə dörd gün ərzində 105 ton məhsul, 10,6 min ədəd yumurta satılıb. Bakı sakinləri yarmarkadakı xidmətin və məhsulun keyfiyyətindən razı qalıblar.
Yarmarkada ilk baxışdan canlanma, məhsul bolluğu və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq üzüm, naringi, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, göyərti, ağartı, ət və s. kənd nemətləri, həmçinin bayram süfrələri üçün növbənöv ərzaq məhsulları və çərəzlər təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı məhsulların təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qayda-qanuna ciddi nəzarət olunurdu.
Bakı şəhərinin digər rayonlarında olduğu kimi, Binəqədi rayonunun ərazisində, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısında təşkil olunan bayram yarmarkası da dörd gün davam edib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, dekabrın 31-də yarmarkaya Ağstafa, Siyəzən, Goranboy, Bərdə rayonlarından 16 ton məhsul gətirilib.
Dörd gün müddətində burada, ümumilikdə, satışa çıxarılmış 85 tondan artıq müxtəlif çeşiddə meyvə-tərəvəzlərin, bostan və süd məhsullarının, həmçinin ayrı-ayrı şirkət və firmaların ət, süd, konserv məhsullarının, un və un məmulatlarının hamısı alınıb.
Fermerlər və digər torpaq mülkiyyətçiləri həmin meyvə-tərəvəzləri, bostan və süd məhsullarını alıcılara bazarlardakından 20-30 faiz ucuz qiymətlərə təklif ediblər.
Şəhər sakinləri burada bazarlıq etmək üçün bütün lazımi şəraitin yaradıldığını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB