İstanbulda Həmrəyliyi Günü və Yeni il qeyd edilib

İstanbulda Həmrəyliyi Günü və Yeni il qeyd edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə İstanbulda yaşayan soydaşlarımız, iş adamları, diaspor təmsilçiləri, Türkiyədə təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin mətni oxunub.

Baş konsul Həsən Zeynalov çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qəbul olunmuş qərarın əhəmiyyətindən danışıb, bu müdrik addımın diaspor təşkilatlarının və dünyadakı bütün azərbaycanlıların həmrəyliyinin gücləndirilməsində mühüm rol oynadığını söyləyib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov, Azərbaycan Dərnəkləri Federasiyasının sədri Erol Göllü, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu dünya azərbaycanlılarının həmrəyliyinin əhəmiyyətindən bəhs edib, bayram münasibətilə təbriklərini çatdırıblar.

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı olub.

Oqtay Bayramov

Bütün xəbərlər Facebook səhifəmizdə