Qaradağ rayonunda bayram şənliyi keçirilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunub
Qaradağ rayonunda bayram şənliyi keçirilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən "Qaradağ" şadlıq evində bayram tədbiri keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak ediblər.

SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk öncə dövlət himni səslənib. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edib. Bir neçə gündən sonra vidalaşacağımız 2013-cü ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu qeyd edib. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusilə nəzərə çatdırıb. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişafın, aparılan quruculuq və abadlıq işlərinin Qaradağ rayonunda da yüksələn templə davam etdiyini vurğulayıb.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən şəxslərə fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edilib. Tədbir tanınmış musiqi ifaçılarının çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə