Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu illik hesabatını açıqlayıb

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu illik hesabatını açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlayıb. İnstitutun Elmi Şurasından SİA-ya verilən məlumata görə, il ərzində Şuranın 11 iclası keçirilib.

İclasda elmi işçilərin məruzələri, elmi-tədqiqat işlərinin planları, şöbələrin və İnstitutun illik hesabatları dinlənilib. Kadr hazırlığı, dissertanturada vəziyyət, elmi adların verilməsi, İnstitutun strukturu, Elmi Şuranın tərkibi ilə bağlı məsələlər və monoqrafiyalar müzakirə edilib. Attestasiya və vakant yerlərə elan olunmuş müsabiqələrin nəticələri təsdiq olunub.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun gənc alimləri ilə görüş, onları narahat edən problemlərin həlli Elmi Şura iclaslarının gündəliyində əsas məsələ olub. "Azərbaycan Fəlsəfə tarixi"nin növbəti cildlərinin hazırlanması və Azərbaycan dilində nəşrinə hazırlıqla bağlı məsələ iclasın müzakirəsinə çıxarılıb.

Ötən illərlə müqayisədə, bu il keçirilən iclaslarda cari məsələlərlə yanaşı, dövlət əhəmiyyətli sənədlərin, ən aktual problemlərin müzakirəsinə də yer verilib. Belə ki, ölkə prezidenti İlham Əliyevin imzalamış olduğu Sərəncam və Fərmanların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə bağlı məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə