"Müxalifətin çirkin məqsədlərini ailə faciələrinin üzərində qurması düzgün deyil” Münasibət
"Təbii ki, baş verənlər faciəli hadisədir və bunu heç bir halda siyasiləşdirmək olmaz. Bu məsələni siyasiləşdirməyin özü də mənəviyyat, islamdan, dindən kənardır. Müxtəlif şəkildə insanların həyatında faciələr baş verir. Bu hadisədə siyasi motiv axtarmaq baş verənlərin heç birini dəyişmir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bir neçə gün əvvəl özünü yandıran Zaur Həsənovla bağlı məsələnin müxalifət tərəfindən siyasi şouya çevrilməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda qanun aliliyi hökm sürür və məsələ ilə bağlı məhkəmə qərarı da mövcud idi: "Görünür, mərhum həmin qərarla razılaşmamışdı. Yəqin ki, bu da onun Qarabağ müharibəsində aldığı yaralar və mənəvi zədələrlə bağlı olub. Çox güman ki, o vaxtdan onun əsəb sistemində müəyyən problemlər olub. Bütün bunlara görə də baş verən faciəli hadisə ilə bağlı onların ailəsinə yalnız təskinlik vermək, eləcə də uşaqlarının və ailəsinin gələcək həyatlarını qurmaq üçün kömək etmək lazımdır. Bu da dövlət və müvafiq qurumlar tərəfindən həyata keçirildi. Hətta hadisə baş verdikdən sonra Yeni Azərbaycan Partiyasının rəhbərliyi məsələyə adekvat reaksiya verdilər və xəstəxanada onun yanında oldular. Bununla yanaşı, Səhiyyə Nazirliyinin əməkdaşları əllərindən gəldiyi qədər mərhumun həyatda qalması üçün öhdəliklərinə düşən işləri gördülər. Buna görə də məsələni siyasiləşdirmək və müxalifətin öz çirkin məqsədlərini ailə faciələrinin üzərində qurması düzgün deyil".
Musa Quliyev mərhumun dəfn mərasiminə qatılıb-qatılmayacağı məsələsinə də aydınlıq gətirib. Belə ki, millət vəkili səhhətində problem olduğunu deyərək bildirib ki, dəfn mərasimində iştirak etməsə də, telefonla mərhumun ailəsinə mütləq baş sağlığı verəcək.
Qeyd edək ki, dekabrın 25-də özünə qəsd edən II qrup Qarabağ əlili Zaur Həsənov dünən müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum Zaur Həsənovun atası Həsən Həsənov dəfn mərasimi zaman deyib ki, hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil: "Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB