Rufiz Qonaqov: “İnternet azadlığı və sosial şəbəkələr milli potensialımızı üzə çıxarır”

Rufiz Qonaqov: “İnternet azadlığı və sosial şəbəkələr milli potensialımızı üzə çıxarır”

Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir. Hər kəs istənilən məkanda və sərbəst surətdə öz fikirlərini geniş ictimaiyyətlə bölüşə bilir. Bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, bu da ölkədə azad fikirlilik, internet imkanlarından bəhrələnməklə, təşəbbüskarlığın artması deməkdir: "Ölkə gəncləri, ictimai sektorun təmsilçiləri sosial şəbəkələrin fəal iştirakçılarıdır. Bu da vətəndaşlarımızın, ictimai təşkilatlarımızın inkişafının, təşəbbüskarlığının artmasına çox böyük stimul verir. Təkcə, "Facebook"-da 1 milyondan çox istifadəçi var. İnternet azadlığına məhdudiyyət qoyulmaması, senzura tətbiq olunmaması həm gənclərin, həm də digər ictimai qurumların, bütünlükdə ictimai fəaliyyətin və təşəbbüskarlığın artmasına geniş imkanlar yaradır. Sosial şəbəkə istifadəçiləri sosial-iqtisadi baxışlarını, ictimai-siyasi düşüncələrini paylaşmaq, dövlətçilik maraqlarını müdafiə etmək və onu daha geniş ictimaiyyətə çatdırmaq üçün öz imkanlarından, intellektlərindən sərbəst istifadə edirlər. Bu şəbəkələrin yaratdığı imkanlardan yararlanan minlərlə azərbaycanlı bu və ya digər formada milli maraqlarımızı müdafiə edir, mədəniyyətimizin, tariximizin dünyaya çatdırılmasında fəallıq göstərir. Kampaniyaların sistemli aparılması ölkəmizin inkişafı və informasiya yayılması baxımından müstəsna rol oynayır. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya Ədalət", Şuşanın işğalı ilə "Şuşaya azadlıq" kampaniyalarında ictimai təşkilatların internet üzərindən apardıqları təbliğat informasiya blokadasından çıxış, dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduqca böyük və əhəmiyyətli bir hadisə oldu. Statistik hesablamalara görə, bu kampaniyalara 100 minlərlə sosial şəbəkə iştirakçısı qoşulub və bu çox ciddi göstəricidir.

Prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə dövlətçiliyimizin təbliği, ölkədəki ictimai-siyasi sabitliyin müdafiəsi ilə bağlı aparılan təbliğat kampaniyalarında da ictimai sektorun, o cümlədən gənclərin fəallığı çox diqqətəlayiqdir. Bu mövzularda sosial şəbəkələrdə açılan polemikalar həm öyrənmək, həm də informasiya baxımından ciddi əhəmiyyətə malikdir. Sosial şəbəkədə fəaliyyət göstərən "Ağ yol" Vətəndaş Hərəkatına məxsus "facebook" qrupu nəinki Azərbaycanda, hətta MDB-də ən böyük qrupdur. Bundan əlavə "facebook" sosial şəbəkəsində ondan artıq sayı yüzminlərlə olan qruplar və səhifələr mövcuddur. Bu qrupların birbaşa fəaliyyəti Azərbaycan dövlətinin, onun iqtisad-siyasi inkişafının, sabitliyin təbliğatı olub. Bu təşəbbüskarlıq alqışlanmalıdır.

Eyni zamanda ölkəmizdə digər sosial şəbəkələrdən - "twitter", "vkontakte", "youtube", "instagram", "odnaklasniki", "whatsApp" və digələrindən istifadə edən yüzminlərlə vətəndaşlarımız var. Bu onun göstəricisidir ki, Azərbaycanda yeni media və sosial şəbəkələrdən sərbəst şəkildə geniş istifadə mövcuddur.

Hesab edirik ki, sosial şəbəkələrdə fəaliyyət, xüsusən də, Azərbaycanın dövlət maraqlarının müdafiəsi, qlobal geosiyasi nəzəriyyədə və praktikada yeri, müstəqilliyimiz və onun qarantiyası olan ənənələrin təbliğatı, mədəniyyət və tariximiz, turizm, diaspora fəaliyyətimiz, torpaqlarımızın işğalı, Qarabağ problemi, yurd-yuvasından didərgin düşmüş 1 milyondan çox qaçqın və köçkün soydaşlarımızın problemləri ilə bağlı sosial şəbəkələrdə ayrı-ayrı ictimai təşkilatlar və fərdlər tərəfindən başladılan kampaniyalar gücləndirilməlidir. Xalq-dövlət vahidliyi, ərazi bütövlüyümüzlə bağlı kampaniyalarımız davam etdirilməlidir. Sosial şəbəkələrdəki aktivlik və təşəbbüskarlıq göstərir ki, Azərbaycan cəmiyyəti ictimai-siyasi baxımdan aktiv və yetkindir. Bu təşəbbüskarlıq və aktivlik milli potensialımızı üzə çıxarır, insan kapitalının inkişafına təkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə