Bakı İstintaq təcridxanasına narkotik vasitə keçirmək istəyən qadın saxlanılıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1990-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tural Bəylər oğlu Hüseynovun yanına qısa müddətli görüşə gəlmiş Biləsuvar rayonu, Bəydili kənd sakini Oksana Məlik qızı Əzizlinin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman alt paltarının içərisində gizlətdiyi şəffaf sellofana bükülmüş ümumi çəkisi 1,20 qram olan narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb və qadın saxlanılıb.
Həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1967-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Əflatun Ələkbər oğlu Bağırovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən kameranın sanitar qovşağının divarındakı gizli saxlanc yerindən 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
8 saylı cəzaçəkmə müəssisəsində isə 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rüfət Yaşar oğlu Rüstəmliyə məxsus, məhkumlar üçün nəzərdə tutulmuş soyuducuda plastik qabda ərzaq məhsulu – "Şorun" içərisində gizlətdiyi 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB