Lənkəranda Həmrəyliyi Günü ilə bağlı bayram tədbiri təşkil olunub

Lənkəranda Həmrəyliyi Günü ilə bağlı bayram tədbiri təşkil olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün və Yeni təqvim ilinin başlanması ilə bağlı Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində gənclər üçün bayram tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Mədəniyyət mərkəzinin metodisti Ağacəfər Fətullayev gələn qonaqları bayram münasibətiylə təbrik etdikdən sonra yola saldığımız 2013-cü ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verib.

Tədbirin bədii hissəsində gənc bədii qiraət ustası Nurlan Məmmədovun ifa etdiyi şeir kompozisiyası maraqla dinlənilib. Müğənnilərdən Qabil Nəcəfov, Mətanət Babayeva, Elgün Cavadov Azərbaycana və Yeni ilə həsr olunmuş mahnılar ifa ediblər. Natiq Məmmədovun rəhbərliyi ilə Mədəniyyət mərkəzinin "Çölləmə" rəqs ansamblı ritmik, şux rəqsləri, gənc müğənnilərdən Murad Tahir, Tünzalə Hacıyeva, Cəmil Quliyev, Şamil Əkbərov və Fidan Cahangirova gözəl mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.

Şaxta Baba və Qar Qız bütün gəncləri həmrəy olmağa çağırıb, Yeni təqvim ilini ləyaqətlə yaşamağı tövsiyyə eləyiblər. Humanitar Kollecin və Tibb Məktəbinin tələbələri Şaxta Baba və Qar Qızın qarşısında maraqlı səhnəciklər, rəqslər və mahnılar ifa ediblər.

Ədəbi-bədii gecə gənclərin kütləvi rəqsi ilə başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə