Azərbaycan Gimnastika Federasiyası ilə yekun vurub

Azərbaycan Gimnastika Federasiyası ilə yekun vurub

Bu il gimnastikanın bütün növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri 85 medal qazanıblar. Onlardan 32-si – qızıl, 26-sı – gümüş və 27-si bürünc mükafatdır.

Yeni olimpiya tsiklinin əvvəlində qazanılmış başlıca mükafat yeniyetmələrin qrup komandasının gümüş medalı hesab edilir. Vyanada keçirilən Avropa çempionatının finalında Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayeva gümüş medallar qazanıblar.

Fərdi hesabda qazanılmış mükafatların sayına görə lider Marina Durunda olub. Onun 14 medalı var ki, bunlardan da dördü qızıldır. Aliyə Qarayeva böyük idmanı tərk etdikdən sonra nəsillərin əvəzlənməsi uğurlu olub. Durunda, habelə onun komanda rəfiqəsi Lalə Yusifova Avropa və dünya çempionatlarının finallarındakı effektiv çıxışları ilə yadda qalıblar.

Gimnastikanın qalan növlərinə gəldikdə isə demək lazımdır ki, gənc gimnastlar Kamran Hacıyev və Anton Yaşin, qadın və kişi akrobat cütlükləri Aynur Hüseynova-Nərmin Ramazanova, Lalə Hüseynova-Xoşqədəm Quliyeva və Elçin Əlibəyov-Emin Gülməmmədli, habelə akrobatik cığırda tullanan Mixail Malkin müxtəlif yarışların qalibləri olmuş, mükafatlar qazanıblar.

AGF daha iki olimpiya idman növünü – qadın idman gimnastikasını və batut üzərində gimnastikanı inkişaf etdirməyə başlayıb. Artıq bu idman növləri üzrə ilk medallar qazanılıb. Onlardan birini – qızıl medalı gimnast Anna Pavlova əldə edib.

Bununla yanaşı gələn il bədii gimnastika üzrə Avropa çempionatının və 2015-ci ilin qitə oyunlarının iştirakçılarını qəbul edəcək Milli Gimnastika sarayının, habelə əsas məşq zalının tikintisi başa çatır.

Nəhayət, beynəlxalq səviyyədəki uğurlar. Avropa Gimnastika İttifaqının (UEG) rəhbərliyi və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nümayəndələri Bakıda olublar. Paytaxtda FIG Akademiyasının məşqçiləri üçün 1-ci səviyyəli kurslar keçirilib (ikinci səviyyəli seminar Bakıda 2014-cü il yanvarın 11-18-də keçiriləcək). Azərbaycan 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatını keçirmək hüququ qazanıb, 2009-cu ildə qadın cütlüyün tərkibində Avropa çempionu olmuş Ayla Əhmədova FIG-nin Atletlər Komissiyasının prezidenti seçilib, AGF-in nümayəndəsi Mehman Əliyev FIG-nin İntizam Komissiyasının üzvü, AGF-in baş katibi Fərid Qaibov isə UEG-nin vitse-prezidenti seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə