Səbail rayonunda dünya və Avropa çempionatlarında fərqlənən idmançılarla görüş keçirilib FOTOLAR
Bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi idmanda da böyük irəliləyişlər baş verir ki, bu da ölkə rəhbərliyinin fəaliyyəti, idmançılara, bütövlükdə ölkə idmana göstərilən dövlət qayğısından irəli gəlir. "Attila" İdman Klubunun idmançıları 2013-cü il ərzində keçirilən dünya, Avropa və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək bir sıra əhəmiyyətli qələbələrə imza atıblar.
İlin yekunu ilə bağlı klubun yarışlarda fərqlənən idmançıları və məşqçilərinin bir qrupu ilə Səbail rayon İcra Hakimiyyətində görüş keçirilib. SİA-nın məlumatına görə, cari ildə "Attila" idman klubunun idmançılarının müxtəlif yarışlarda uğurlu çıxışlarının yekunları ilə bağlı Səbail rayon İcra Hakimiyyətində təşkil olunan görüşü açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov idmançıları və onların məşqçilərini salamlayıb, Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat verib.
Onun sözlərinə görə, cüdo idmanı respublikamızda çox sevilən idman növlərindəndir və cüdo üzrə əldə olunan nailiyyətlər hər zaman xalqımızı sevindirib: "1992 və 2008-ci illərdə cüdoçularımız olimpiya oyunlarından vətənə qızıl medalla qayıdıblar. Onların uğurları ilbəil artır. Bütün bunlar isə ilk növbədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin idmana olan qayğısının nəticəsi olub. Bu gün ulu öndərin siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin səyləri, idmançıları olan dövlət qayğısının artması nəticəsində idmançılarımızın beynəlxalq səviyyədə uğurları artmaqdadır. Ölkədə bir sıra olimpiya mərkəzləri, idman meydançaları tikilir, idmanın maddi-texniki bazası inkişaf etdirilir. Bu işlərin də nəticəsidir ki, Azərbaycan idmançılarının uğurlu çıxışlarının sayı artıb".
İcra başçısı həmçinin qeyd edib ki, Səbail rayonunda fəaliyyət göstərən "Attila" İdman klubunun idmançıları həmişə olduğu kimi bu il ərzində də bir sıra beynəlxalq turnir və yarışlarda vətənimizi uğurla təmsil ediblər: "Belə ki, ilin ən böyük nailiyyəti avqust ayına təsadüf edib. Braziliyanın Rio de Caneyro şəhərində keçirilən böyüklər arasında dünya çempionatında klubun yetirməsi Orxan Səfərov 60 kq çəki dərəcəsində III yerə çıxaraq vətənə bürünc medalla qayıdıb. Bu il Polşada keçirilən Avropa kuboku yarışlarında Rəsullu Abdulhaqq 81 kq çəki dərəcəsində I və Rasim Alməmmədov III yerə, ABŞ-ın Mayami ştatında keçirilən Dünya kuboku yarışlarında Leyla Əliyeva 40 kq çəki dərəcəsində II yerə, Gənclər arasında Avropa çempionatında Oruc Vəlizadə də 60 kq çəki dərəcəsində III yerə çıxıb, Abu Dabi şəhərində keçirilən "Böyük dəbilqə" yarışlarında 60 kq çəki dərəcəsində Orxan Səfərov və 90 kq çəki dərəcəsində Ramin Qurbanov, Rusiya Federasiyasının Tümen şəhərində keçirilən "Masters" turnirində isə Elmar Qasımov 100 kq çəki dərəcəsində üçüncü yerə çıxaraq bürünc medala layiq görülüblər.
Klubun məşqçisi Vüqar Budaqov Abu Dabi şəhərində veteran idmançılar arasında keçirilən yarışlarda ikinci dəfə dünya çempionu adına layiq görülüb. Bir neçə gün əvvəl "Attila" klubu idmançıları Cüdo üzrə klublararası Azərbaycan çempionatının qalibi olublar. Ümumilikdə, klubun 75 idmançısı müxtəlif beynəlxalq yarışlarda iştirak edərək müxtəlif əyarlı 24 medal qazanıb, müxtəlif yaş qrupları üzrə Azərbaycan birinciliklərində 11 idmançı I, 6 idmançı – II və 5 idmançı III yerə çıxıblar.
A. Əsgərov bu nailiyyət münasibəti ilə idmançımızı və bu uğurda böyük əməyi olan məşqçiləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə iştirak edən idmançılara və onların məşqçilərinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub.
İdmançılardan Orxan Səfərov, "Attila" İdman klubunun baş məşqçisi Əli Dərvişov çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB