Parlamentin bugünkü iclasında körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun layihəsi müzakirə olunub. SİA-nın məlumatına görə, layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2 maddədən ibarət yeni qanun layihəsinə əsasən körpələr evləri, körpələr evi- uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014 cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.
Komitə sədri onu da qeyd edib ki, ölkədəki 1-5 yaşlı uşaqların 15 fazi bağçalara gedir: "Hazırda məktəbə qədər təhsil müəssisələrinin 40 faizi özəl sektorun payına düşür. Odur ki, sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram. Dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək".
Millət vəkili Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib: "İstilik bərbad vəziyyətdədir, mən hətta Nəsimi rayonundakı bağçanın birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Ona görə bu məsələyə ciddi nəzarət etmək lazımdır".
Daha sonar çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, gələcəkdə bu sahə üzrə tikinti tikənlər üçün müəyyən güzəştlər olunmalıdır: "Bəlkə bundan sonra körpələr evinin inşa olunması əsas prioritet istiqamətlərindən biri olar. Təbii ki, bir çox sahibkarlar hansı sahədən ən çox gəlir etmək olar, ora daha çox maraq göstərirlər. Halbuki ən zəruri sahə uşaq bağçalarının tikilməsidir. Nəzərə alsaq ki, bütün dünyada, eləcə Azərbaycanda bu sistem dəyişib. Sovet vaxtında valideynlərdən biri işlədiyindən uşağın tərbiyəsi ilə özlərinin məşğul olması mümkün idi. İndiki vaxtda isə ailənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün valideynlərin hər ikisi işləyir".
Kənd yerlərində uşaq bağçalarının az olmasından şikayətlənən millət vəkili qeyd edib ki, Təhsil haqqında qanuna nəzərə salanda şahidi oluruq ki, ibtiadi məktəblərə uşaqları bağçadan sonra götürmək lazımdır: "Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə isə bağça keçməyən uşaqlar orta təhsil müəssisələrinə qəbulu olmaya bilər. Elə özəl bağçalar var ki, yüksək qiymətlər qoyub. Bu da aztəminatlı ailələrin büdcələrinə uyğun deyil. Elə bağçalar var ki, qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma qanunda nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur".
Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB