AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilib YENİLƏNİB
Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilir. SİA-nın məlumatına görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın icraçı direktoru Fərhad Hacıyev iştirak edib.
Konfransı giriş sözü ilə açan AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin 17 oktyabr qərarından sonra 42 elmi müəssisə və təşkilatda Gənc Alim və Mütəxəssislər şurasının yarandığını bildirib.
AMEA prezidenti bildirib ki, bu şuranın yaradılmasında məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, elmin inkişafında rolunu daha da artırmaq, həmçinin təşəbbüskar, innonativ ideyalara malik gəncliyi bir araya gətirməkdir: "Elmin populyarlaşdırılması sayəsində gənclərin elmə cəlb edilməsi AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir. "Gənclər üçün prezident mükafatı", "Gənc alim" analitik-informasiya sisteminin yaradılması, Gənc Alim və Mütəxəssislər Şurasının təsisi AMEA-nın gənclər siyasətinin əsasını təşkil edir".
A. Əlizadə Azərbaycan gəncliyinin gənc alimlərə böyük ehtiyacı olduğunu vurğulayıb: "Son 10 ildə Prezident İlham Əliyevin gənclər siyasəti nəticəsində istedadlı və yaradıcı gənclərə, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Gənc Alim və Mütəxəssislər Şurası gənclərin elmi, intelektual inkişafında aparıcı rol oynamalıdır. AMEA prezidenti qarşılıqlı müzakirə və intelektual mübadilə vasitəsilə perspektivli sahələrin multidisiplinar yanaşmaların ortaya qoyulacağına böyük ümidlər bəslədiyini bildirib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Azərbaycanda gənclərin elmə marağının artırılması üçün real təşəbbüslərə, təkliflərə ehtiyac var: "Bu gün alimlərin orta yaşı müəyyən mənada suallar doğurur, çünki bu rəqəm 60 yaş civarındadır. Hesab edirəm ki, ölkədə alimlərin orta yaş həddinin endirilməsinə böyük ehtiyac var: "Əgər 5 il əvvəl 65 nəfər akademik var idisə, bu il 52 nəfərdir, 5 il əvvəl akademiyanın müxbir üzvlərinin sayı 113 nəfər idisə, indi 13 nəfərdir. Onların yerini dolduracaq gənc mütəxəssislər indidən hazırlanmalıdır. Elmlər və fəlsəfə doktorlarının yaş tərkibi dünya elmi ilə müqayisədə ölkədə təhlükəli həddə qocalma tendensiyasının sürətlənməsindən xəbər verir. Bu yaxınlarda Təhsil Nazirliyinin açıqladığı statistik nəticələrə əsasən məlum oldu ki, ötən il nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçi arasında fəlsəfə doktorlarının sayı 46 nəfər, yəni, 0,48% olub. Təbii ki, alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir. Bunun üçün əlverişli mühit yaradılmalıdır".
PA rəsmisi vurğulayıb ki, Azərbaycanda yeni və müasir tələblərə cavab verən elmi məktəblər formalaşmalıdır: "Tədqiqatçılarımızın beynəlxalq tədbirlərdə iştirakının genişlənməsi olduqca vacibdir. Hesab edirəm ki, gənc alim və mütəxəssislər beynəlxalq və regional səviyyəyə verdiyi rezonans doğuracaq, diqqəti cəlb edəcək aktual mövzuların üzərinə getməlidir. Bu gün yetərincə araşdırılmamış və çox sadə tədqiqat sahələri hələ də qalmaqdadır: "Çox zaman xaricdə təhsil alan və elmi araşdırmalarını aparan gənclərdən soruşduğum zaman onların 90 faizinin Azərbaycanla bağlı mövzuların araşdırılmasına can atdıqları məlum olur. Onun da 75 faizi Dağlıq Qarabağ münaqişəsinə həsr olunur. Mən demirəm ki, bu məsələ xaricdə təhsil alan tələbələr tərəfindən araşdırılmamalıdır. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı tələbə tərəfindən hansısa bir Böyük Britaniya universitetində araşdırma aparmaq və bunun nəticəsində öz elmi işini müdafiə etmək həddindən artıq asandır. Çünki münaqişəni bilir, haqlı tərəfin mövqeyini çox rahat şəkildə izah edə bilir. Təbii ki, bu mövzuda beynəlxalq hər hansısa universitetdə araşdırma kimi qəbul edilir və öz yerini tutur".
Dünyada ən çox müraciət edilən 5 internet səhifəsindən biri hesab olunan Vikipediyanın əhəmiyyətindən danışan şöbə müdiri vurğulayıb ki, 30 milyondan çox ensiklopedik məqaləyə malik Vikipediya 286 dildə fəaliyyət göstərir, hər ay 100 milyonlarla istifadəçi oradan məlumatlar əldə edir: "Vikipediyanın Azərbaycan bölməsində 65 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmi 500-ə yaxını fəal istifadəçidir. Bu azdır. Təəssüf ki, sosial şəbəkələrdə də intellektual diskussiya boşluğu hiss edilir. Azərbaycana qarşı əsassız ittihamlara verilən cavabları, reaksiyaları yetərli saymaq olmaz".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışı zamanı vurğulayıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti nəticəsində istedadlı və yaradıcı gənclərə, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunın icraçı direktoru Fərhad Hacıyev çıxış edərək Az'rbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
Konfransın sonunda şuraya bilik və bacarığı ilə fərqlənən fəal gənclərdən ibarət üzvlər seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB