Ədliyyə naziri İmişlidə olub

Ədliyyə naziri Fikrət Məmmədov İmişli rayonuna səfər edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, nazir İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, millət vəkili Əsabil Qasımov rayon məhkəməsinin inşa olunacaq inzibati binasının təməlqoyma mərasimində iştirak ediblər.

Sonra Ədliyyə Nazirliyinin İmişli rayon şöbəsinin yeni inşa olunmuş inzibati binasının açılışı olub. Mərasim iştirakçıları binanın içərisində yaradılan şəraitlə tanış olublar. Binanın konfrans zalında Xaçmaz, Şirvan, Oğuz, Gəncənin Nizami rayonun məhkəmələri ilə canlı bağlantılar yaradılıb. Nazir ədliyyə işçiləri ilə görüşərək bu gün ölkəmizdə ədliyyə sistemində aparılan islahatlardan, ölkə prezidenti İlham Əliyevin bilavasitə göstərişi ilə yeni məhkəmə, regional ədliyyə binalarının ən müasir səviyyədə tikilməsi və fəaliyyətimizə yaradılan dövlət qayğısından danışıb.

"Bu gün açılışını etdiyimiz rayon şöbəsinin regional binasının tikintisi Avropa İttifaqının birgə lahiyəsi çərçivəsində həyata keçirilib. Bu cür müasir şəraitin yaradılması bizim daha səmərəli fəaliyyətimizə imkan yaradır. Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, xüsusi ilə regionların sosial-iqtisadi inkişafı çərçivəsində həyata keçirilən proqramların canlı şahidləriyik", deyə nazir əlavə edib.

F.Məmmədov çıxışının sonunda ədliyyə işçilərini, eyni zamanda tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Çıxış edənlər yaradılan şəraitə və göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə