AQUPDK cari ilin hesabatını açıqlayıb YENİLƏNİB

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycanda son 10 ildə əldə olunan nailiyyətlər və görülən işlər müzakirə edilib. Hesabat konfransında ilk çıxış edən komitənin sədri Hicran Hüseynova qurumun 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb.

O bildirib ki, 10 il müddətində Azərbaycan dövləti bir çox istiqamətlərdə uğurlar əldə edib. Onun sözlərinə görə, son 10 il ərzində aparılan davamlı və uğurlu siyasət öz müsbət nəticələrini verib.

H. Hüseynova qeyd edib ki, bu illər ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb: "Yoxsulluq təxminən 10 dəfə (49 faizdən 5,5 faizədək) azalıb. Son 20 ildə əhalimiz 2 milyon artaraq 9 milyon yarıma çatıb".

Komitə sədri söyləyib ki, hazırda respublikamızda 200-dən çox qadın təşkilatları fəaliyyət göstərir: "Bu da onu göstərir ki, qadınlar iqtisadi, sahibkarlıq, hüquqi müstəvidə öz hüquqlarını bilir və təşkilatlanmış formada fəaliyyət göstərirlər. Qısa müddət ərzində ölkənin bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib, həmçinin qadınların təmsilçiliyi artıb. Artıq bütün rayonlarda qadınlar müavin səviyyəsində təmsil olunurlar. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artaraq, 26,7 faiz olub".

İclasda çıxış edən Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov deyib ki, komitə tərəfindən hər il hazırlanan hesabat Nazirlər Kabinetinə təqdim edilir. Onun sözlərinə görə, hesabatlara baxdıqda komitə tərəfindən görülən işlərdə böyük dinamikanı görmək mümkündür: "Müsbət nailiyyələrin əldə olunmasında komitənin göstərdiyi təşəbbüskarlıq mühüm amildir. Belə ki, komitə öz təşəbbüskarlığı ilə müəyyən problemlərin həllinə nail olub. Komitənin gələcək fəaliyyətinə uğurlar arzu edirəm".

Tədbirin davamında çıxış edən millət vəkilləri, QHT rəhbərləri, komitənin bu il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər. Gələcəkdə komitənin həyata keçirdiyi işlərdə uğurlar arzu edərək, onların fəaliyyətini dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə