Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçiriləcək

Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçiriləcək

Gələn il Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitənin 2013-cü il üçün yekun kollegiya iclasında məlumat verib.

Forumun oktyabr-noyabr ayında keçiriləcəyini deyən A.Sofiyeva bildirib ki, gələn ilin yanvar ayından etibarən forumla əlaqədar tədbirlər planını hazırlanacaq: "Forumun keçirilməsinə Heydər Əliyev Fondu və UNİCEF dəstək olur. Lakin budəfəki forumun keçirilməsinə rayon icra hakimiyyəti və Təhsil Nazirliyinin də dəstəyinə ehtiyacımız olacaq. Forumun məqsədi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsinə cəlb edilməsinin dövlət tərəfindən təmin edilməsidir. Azərbaycan uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Ümumrespublika Forumu 2011-ci ildə keçirilib. III forum əslində bu il keçirilməli idi, lakin Azərbaycan qadınlarının qurultayı və digər tədbirlərlə əlaqədar olaraq vaxtı 2014-cü ilə dəyişdirilib".

Komitənin sədr müavini söyləyib ki, forum çərçivəsində ən mühüm iş rayonlarda aparılan seçimlərdir: "Birinci forumda 56 rayondan 250, ikinci forumda 85 rayondan 283 uşaq iştirak edib. Üçüncü forumda isə bütün rayon və şəhərlərində 300-ə yaxın uşağın iştirakı gözlənilir. Seçimlər mayın sonlarına kimi başa çatmalıdır. Oktyabr ayına kimi isə seçilmiş uşaqlar üçün treninqlər keçiriləcək. Çalışacağıq ki, Azərbaycan uşaqlarının III Ümumrespublika forumu keçirilənə kimi uşaqların arzu və istəklərinin hər biri həll edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə