AQUPDK cari ilin hesabatını açıqlayıb

AQUPDK cari ilin hesabatını açıqlayıb

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cari ilin hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, hesabat konfransında ilk çıxış edən komitənin sədri Hicran Hüseynova qurumun 10 ildə əldə etdiyi nailiyyətlərdən danışıb.

O bildirib ki, 10 il müddətində Azərbaycan dövləti bir çox istiqamətlərdə uğurlar əldə edib. Onun sözlərinə görə, son 10 il ərzində aparılan davamlı və uğurlu siyasət öz müsbət nəticələrini verib.

H. Hüseynova qeyd edib ki, bu illər ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılıb: "Yoxsulluq təxminən 10 dəfə (49 faizdən 5,5 faizədək) azalıb. Son 20 ildə əhalimiz 2 milyon artaraq 9 milyon yarıma çatıb".

Komitə sədri söyləyib ki, hazırda respublikamızda 200-dən çox qadın təşkilatları fəaliyyət göstərir: "Bu da onu göstərir ki, qadınlar iqtisadi, sahibkarlıq, hüquqi müstəvidə öz hüquqlarını bilir və təşkilatlanmış formada fəaliyyət göstərirlər. Qısa müddət ərzində ölkənin bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib, həmçinin qadınların təmsilçiliyi artıb. Artıq bütün rayonlarda qadınlar müavin səviyyəsində təmsil olunurlar. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artaraq, 26,7 faiz olub".

Bütün xəbərlər Facebook səhifəmizdə