Dövlət Qulluğu ilə bağlı Əməkdaşlıq Şəbəkəsinin ilk iclası keçirilib

Dövlət Qulluğu ilə bağlı Əməkdaşlıq Şəbəkəsinin ilk iclası keçirilib

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsinin ilk toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Komissiyanın aparat rəhbəri Vilayət Hüseynov, komissiyanın kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn, hüquq sektorunun müdiri Vüqar Əsgərov və başqaları iştirak ediblər.

İlk olaraq çıxış edən Komissiyanın aparat rəhbəri Vilayət Hüseynov bildirib ki, Prezidentin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulub: "Proqramın icrası zamanı Komissiya tərəfindən Əməkdaşlıq Şəbəkəsinin yaradılması barədə əmr imzalanıb. Bugünkü tədbir də Komissiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə edilməsi məqsədilə ilə həyata keçirilir".

Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn isə qeyd edib ki, dövlət qulluğuna qəbul məsələsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edilir. Belə ki, dövlət qulluğuna 957 nəfərin seçilməsi məhz onların iştirakı ilə baş tutub. Bundan əlavə, dövlət qulluğuna qəbulun cəmiyyətdə təbliğ olunması ilə bağlı geniş informasiyalar təqdim olunur. Artıq 11-dən artıq ali məktəbdə tələbələr arasında bu istiqmətdə müxtəlif maarifləndirici işlər aparılıb.

A. Hüseyn, həmçinin komissiyanın həyata keçirdiyi yeniliklərdən də söz açıb. O bildirib ki, ildə 2 dəfə keçirilən müsabiqənin cavabları həmin gün çıxır. Bununla yanaşı, müsahibələr görüntülü olaraq arxivləşdirilir. Bütün bunların hamısı dövlət qulluğunda şəffaflığın təmin olunmasını zəruri edir".

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yarandığı ilk gündən QHT-lərlə əməkdaşlığa üstünlük verdiyini deyən Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, bu şəbəkə QHT nümayəndələrinin Komissiyanın dövlət qulluğuna qəbulla bağlı təşkil etdiyi test imtahanları və müsabiqələrdə sərbəst şəkildə iştirak etməsinə zəmin yaradır.

Səsvermə yolu ilə "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Əməkdaşlıq Şəbəkəsinin koordinatoru seçilib. Qeyd edək ki, tədbirdə, həmçinin Komissiya tərəfindən həyata keçirilən elektron xidmətlərin təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə