AMEA işçiləri ilə imzaladığı əmək müqavilələrinin müddətində dəyişiklik etdi

AMEA-nın bugünkü iclasında Akademiyanın İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının Əsasnaməsi təsdiq olunub. Əsasnaməyə görə, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasının keçirilməsini təşkil etmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələri daşıyır.

SİA-nın məlumatına görə, iclasın növbəti qərarı Rəyasət Heyəti Mərkəzi Aparatının struktur bölmələrinin yeni əsasnamələri haqqında qərar qəbul edilməsi olub. Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və İşlər idarələri, həmçinin Hüquqi təminat, İctimaiyyətlə əlaqələr və digər şöbələrin əsasnamələri Akademiyanın hüquqi sənədləri sırasına daxil edilib.

Sonra Akademiyada əmək münasibətlərinin tənzimlənməsinə dair məsələlər müzakirəyə çıxarılıb. AMEA-nın prezidenti Akif Əlizadə yeni işçilərin işə qəbulunun bir qayda olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi ilə bağlı bəzi müddəalar bir-biri ilə ziddiyyət təşkil edir: "Bu da AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır. Akademiyada çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələrinin 4, 60 yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanması, həmçinin işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyasının keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...