AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək "Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi" adlı məruzənin əhəmiyyətindən danışıb. O bildirib ki, sümük şişlərinin müalicəsi sahəsində dünya təcrübəsi keçən əsrin ortalarından başlayaraq böyük təkamül yolu keçib və Azərbaycanda da bu istiqamətdə bir sıra tədqiqatlar aparılıb, eləcə də mühüm nəticələr əldə edilib.

AMEA Bilologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və kafedranın professoru, tibb üzrə elmləri doktoru Abuzər Qazıyev sözügedən nəticələr barədə məruzə ilə çıxış edərək bildirib ki, daha çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinən bu xəstəliyin müalicəsində cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilən və müxtəlif kompleks metodlardan istifadə olunur.

Məruzəçilər yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsinin qənaətbəxş olmadığını, xəstələrin 5 illik yaşama göstəricisinin 12-18 faiz təşkil etdiyini qeyd ediblər: "Osteogen sarkomanın yeni kompleks müalicə texnologiyası işlənib hazırlanıb, bu istiqamətdə əldə edilən uğurlar bir sıra xarici və yerli mütəxəssislər tərəfindən sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə edilib. Yüzlərlə sümük şişi olan xəstədə endoprotezləşdirmə əməliyyatları aparılıb. Məruzə bəyənilib, aparılan elmi tədqiqatların daha da genişləndirilməsi, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması tövsiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə