"Fatmagüllük bunların canındadır..."

"Fatmagüllük bunların canındadır..."

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Müxalif cəbhənin vaxt öldürmək, ya da onu qazanmaq, eyni zamanda immitasiya eləmək üçün həmişə bir bəhanələri olub. Və ya belə deyək: onlar bütün məğlubiyyətlərini hansısa formada sığortalamağa ya qadirdirlər ya da məhkum. Məsələn seçki bitib, amma nə isə eləmək, ortalıqdakı boşluğu doldurmaq lazımdır. Niyə? Çünki ən azından söhbət 2015 - Parlament seçkilərinə qədər "ölüb", avazıyıb, uzanıb. Və təbii, bunlar da oturub gözləyəsi deyil ki... Ətrafda "en" qədər fanat var, siyasi kamikadze var. Onları bir şəkildə idarə eləmək, eyni zamanda bu zavallıların üzərindən pul-para qazanıb dolanışığı təmin etmək lazımdır. Deyilmi? Yaxşı bəs belə olan halda neynəməli? - Ənənəvi oyunları davam etdirməli! Çünki başqa yol yoxdur. Və ya, ən azından bunların bildiyi başqa yol yoxdur. Bir də ki, niyə olsun? 20 ildir eyni adlı insanları müxalifətdə çürüdürlər? - Çürüdürlər! Birilərini cavan yaşından öz tərəfdaşı edib, müxalifətdəcə pensiya yaşına çatdırırlar? - Çatdırırlar! Vəddən başqa heç nə vermədən onların mədələrini, qarınlarını doydururlar? - Doydururlar! Vəssalam da. Demək ki, artıq problem idarə edənlərdə deyil, idarə olunmaq istəyənlərdədir. Müxalifətçilik artıq bəzilərinin beyninə hopub, damarlarına işləyib. Nəhayət, 20 ildir günü günə satan o uğursuzlar hələ də fərqində deyillər ki, əllərinə pərçimlənən qandalları belə sevməyə başlayıblar. Və ya bir az da obrazlı desək: Fatmagüllük bunların elə öz canındadır...

***

Xalq Cəbhəsi Partiyası dünən öz Gənclər Təşkilatına yeni sədr seçib. Daha doğrusu təyinat Əli Kərimlidən gəlib. Yerdə qalanlar isə çəpik çalmaqla, yəni deyilən sağlığı alqışlamaqla kifayətləniblər. Ad da olub demokratiya. Və ya bir müddət əvvəl Müsavat Partiyası da eyni adlı mövzuda seçki düzənləmişdi. Amma, saxta da olsa, gözdən pərdə asmaq üçün də olsa seçki idi hər halda. Üstəgəl başları üzərində İsa Qəmbər kimi diktator dura-dura! Bunlar isə heç onu da eləmədilər. Yalnız Əli Kərimli 30 dəqiqəlik mənasız nitqinin sonunda bəyan etdi ki, filankəsi filan yerə təyin edirəm. Yaxşı bəs adı niyə seçki idi bunun? İnsanları niyə yığmışdınız ora? Ya da belə deyək: əvvəldən verilmiş qərarı elan etmək üçün o boyda həngamə çıxarmağa nə hacət var idi ki? Bunun üçün sadəcə tabeliyinizdə olan və əmrlərinizi qeyd-şərtsiz yerinə yetirən "Azadlıq"qəzetində rəhmətə gedənlər bölümünə qısa bir mətn yerləşdirmək lazım idi ki, filan meyidi bir başqası ilə əvəzlədik. Vəssalam. Ya da "Əbülfəz Qurbanlı artıq etibarsızdı, bundan sonra baş kamikadze rolu İlham Hüseynə həvalə olunur"- xatırlatmasını tirajlamaq...

Bunu eləmək çoxmu çətin idi?

***

"Azadlıq"qəzeti demişkən...Haqqında danışdığım konfransın gedişatı ilə bağlı məlumatları izlərkən çox maraqlı bir mənzərəyə də şahidlik etmiş oldum. Təbriklər bölümündə. Sən demə özləri orda olmasa da, ürəyi həmin məkanda qərar tutanlar məktub formatlı səmimi sözlərlə tədbir iştirakçılarını məftun ediblərmiş. Başda da kim olsa yaxşıdır? – Qənimət Zahid. Bu isə təxminən bilirsinizmi nəyə bənzəyir? - rayon toylarındakı canlı telefon bağlantısına. Sadəcə fərq ondan ibarətdir ki, bu dəfə arayıb-axtaran hansısa gəlin və bəyin Rusiyada yaşayan qohumları deyil, AXCP-nin Fransada gizlənən qorxaq mirzəsidir. Gələcəyini deyib gəlməyən, dönəcəyini deyib dönməyən, Avropada Əli Kərimli üçün qrant yığan, əlaqələr quran Qənimət Zahid! Və görün bu insan özünə nə qədər vurğun bir hala gəlib ki, artıq təbrik-filan göndərir, hələ bir göndərdiyi məktubu oxutdurur, özünü mötəbər, əlahiddə şəxs sanır...

Amma bütün bu söylədiklərimə rəğmən bir etirafda da bulunum: Sonradan baxdım ki, təbrik məktubu göndərənlər arasında demə elə ən "bərk gedən"i Qənimət Zahid imiş. İndi görün o birilər nə gündə olub. Hətta bir neçəsinin adını sadalayım, özünüz də şahidi olun: Türkiyədən Seher Taşkörpü, Ruminiyadan pop-star Stefane, Ukraynadan Anastasiya Pluçenko və s boş-boş, mənasız adamlar...

P.S. Allah xətrinə deyin biz də bilək, bu unikumları hardan tapırsız?

***

Həmin konfransın video görüntüsü "Azadlıq" qəzetinin saytında var. Lütfən hər kəs baxsın ona. Reqlament təxminən belədir: ilk öncə Əbülfəz Qurbanlı giriş nitqi söyləyir. Ardınca da sədrinə xitab edib, onu kürsüyə dəvət edir. Və deyim ki, elə maskarad da bundan sonra başlayır...

Təsəvvür edin, zalda ən az 300 nəfər adam var. Hamısı da bir ağızdan "Əli bəy" qışqırır. Həm də minimum 10 dəqiqə. Üzərindən çox az bir müddət keçir və kiminsə nitqində təsadüfən Cəmil Həsənlinin adı səslənir. İndi də həmin ad üzərinə qurulan sədalar...Yenə azı on dəqiqə. Ardınca Əbülfəz Qurbanlı, İlham Hüseyn və estafetin davamı...Əlqərəz tədbirin yarısı qışqırıq və hənirti ilə keçir. Kənardan baxan elə bilər yas mağarıdır, kişi mollası mərsiyyə deyir, yerdə qalanlar isə amin. Hərçənd belə baxanda bunların ərsəyə gətirdiyi tədbirlər hazırki durumda yas məclislərindən heç nə ilə fərqlənmir. Sadəcə həmin məclislərin biri ölənlər üçün düzənlənir, digəri isə ölüb qurtara bilməyənlər üçün...

***

Heç yadımdan çıxmaz, 92-də sünnət toylarında belə "Elçibəy-Elçibəy" qışqırardılar. Hətta bəy onlara bir neçə dəfə irad tutmuşdu. Amma çıfayda! Nəinki bəy, ümumiyyətlə heç bir özündən deyən oğlan həmin fanat ordusunu, qaraguruhu inandırmaq gücündə deyildi ki, bu sərgilənən təzahürat hörmətin deyil, hörmətsizliyin əlamətidir. Nəticə etibarilə isə lider dediklərini hörmət və nüfuzdan salmağı bacardılar. Və deyim ki, bunu bilərəkdən deyil, bilməyərəkdən etdilər! Məqsədli şəkildə deyil, öz ağılsızlıqları ucbatından etdilər!

Bax, bu gün də meydanda eyni adlı kontingentdir. Süurüstü deyil, süuraltı fəaliyyətdə bulunan, eyni zamanda demokratiyanın "D" hərfindən belə xəbərdar olmayan kontingent!

Amma nə deyirsən, o ağılla belə, bizə dərs keçmək istəyirlər. Həm də utanmadan, abırlarına kor olmadan, qısılmadan dərs keçmək istəyirlər. 20 ildir Azərbaycan xalqı tərəfindən aldıqları dərsləri, tərs şapalaqları, əsrarəngiz qapazları unudaraq - dərs keçmək istəyirlər! Və nəhayət 10 nəfərlik bir təşkilata sədr seçə bilməyib, onu belə təyin edib, ardınca da Azərbaycan boyda məmləkətə sahib olmaq haqqında moizələr oxuyaraq - dərs keçmək istəyirlər!

Bax belə...

Bütün xəbərlər Facebook səhifəmizdə