Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Gürcüstan Azərbaycanlıları və Qarabağ problemi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, millət vəkilləri, ekspert və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, alyans üzvlər ötən ay Gürcüstana səfər edib: "Biz orada yaşayan azərbaycanlıların problemləri ilə tanış olduq. Gürcüstanda yaşayan soydaşlarımızla bağlı ciddi problemlər var. Bunlardan biri də Azərbaycanla olan təmaslardır. Gürcüstandakı soydaşlarımızın maddi, sosial və hüquqi problemləri var. Onlar gürcü məmurları tərəfindən ögey münasibətlə qarşılaşır, hətta ermənilərin ciddi torpaq iddiaları ilə üz-üzə gəlirlər. Eyni zamanda viza rejimin tətbiqi də onların Azərbaycanla təmaslarında məhdudiyyətlər yaradır".
Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev isə çıxışında Gürcüstanda yaşayan azərbaycanlıların sayının kəskin azalması probleminə diqqət çəkib: "Bu problem həmin yerlərdə azərbaycanlılara qarşı soyuq münasibət, şəraitin olmaması ilə əlaqədardır. Soydaşlarımız yaşayan bölgələrdə böyük erməni proyektləri həyata keçirilir. Hesab edirəm ki, torpaqlarımızı işğal edən bir millətin Borçalı və digər yerlərdə bazar açması yolverilməzdir".
Millət vəkili Fazil Mustafa isə Gürcüstan azərbaycanlılarının miqrasiya problemlərindən danışaraq deyib ki, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının yaşadıqları yerə qayıtması, maliyyət dəstəyinin göstərilməsi üçün xüsusi fondlar yaradılmalıdır.
Tədbirin sonunda iştirakçılar adından Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı Azərbaycanın rəsmi orqanlarına müraciət qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB