Bu gün Müəllif Hüquqları Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə "Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması" mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkilləri Rəbiyyət Aslanova, Xanhüseyn Kazımlı və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, bu gün dünyada İKT sürətlə inkişaf edir, əhatə dairəsi genişlənir və təklif olunan xidmətlər artır: "Virtual məkanda əqli mülkiyyət bir fenomen kimi öz kontekstindən fərqli fəaliyyət göstərir. Əqli mülkiyyət obyektləri, müəlliflik hüquq qorunan obyektlərin əksəriyyəti internetə inteqrasiya olunub. Müasir dövrdə internet əqli mülkiyyət obyektlərinin virtual bazarına çevrilib. Müşahidələr göstərir ki, elektron ticarət qaydasında alqı-satqısı həyata keçirilən malların sırasında əqli mülkiyyət hüquqları ilə qorunan obyektlər üstünlük təşkil edir. Belə malların payı 50%-dən çoxdur. Satılan hər 4 maldan 3-ü müəlliflik hüququnun obyektidir. İnformasiya-kommunikasiya texnologiyaları obyektlərinin əksəriyyəti əqli mülkiyyət hüquqları ilə qorunur. Bu gün internet şəbəkəsində əqli mülkiyyətin hüquqlarının qorunması çox vacibdir".
Daha sonra çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında liderdir. Ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir deyən nazir müavini bildirib ki, hökumət bu göstəricilərlə qane deyil: "Növbəti il genişzolaqlı internetin genişləndirilməsi nəzərdə tutulur. Respublikanın bütün kəndlərinə faber-optik qurğunun tətbiqi nəticəsində genişzolaqlı internet istifadəçilərinin sayı 85%-ə çatdırılacaq. Bununla da gələcəkdə genişzolaqlı internetdən bütün insanlarıın istifadə etməsi təmin olunacaq".
Nazir müavini bu il Azərbaycanda lisenziyalı proqram təminatından istifadə səviyyəsinin yüksəldiyini deyib: "Bir neçə il öncə dövlət tərəfindən 10 min lisenziya alınaraq dövlət qurumları arasında paylanıb. Yaxşı haldır ki, bu proses artıq həm dövlət hüquqları tərəfindən davam etdirilir, həm də banklar, özəl şirkətlər bu işə qoşularaq əqli mülkiyyətin qorunmasına töhfələrini verirlər. Bunun nəticəsində cari il lisenziyalı proqram təminatından istifadə artıb".
Qeyd edək ki, konfans mövzu ətrafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB