Əməkdaşımız “Şahdağ”da xizəklə sürüşdü yaxud, bir gün Qafqazın “Krans Montana”sında
Uzun zamandır ki, televiziya kanallarından və digər profilli mətbuat orqanlarından qış turizmi, dağ-xizək kurortları haqqında eşidirdik. Amma heç bir halda insanlara yüksək adrenalin bəxş edən bu cür turizm mərkəzinin xidmətlərindən istifadə edə bilmirdik. Çünki, həm belə bir turizm məkanının xarici ölkələrdə, həm də kifayət qədər uzaq və bahalı olması bir çox azərbaycanlının xizəklə sürüşmək və qış turizminin imkanlarından yararlanmaq şansını məhdudlaşdırırdı. Lakin çox sevindirici haldır ki, artıq bütün Azərbaycan vətəndaşları qışda da istirahət və dağ-xizək turizminin həyəcanlı xidmətlərindən istifadə edə biləcək. Yəni, birbaşa Prezident İlham Əliyevin dəstəyilə Qusar rayonunda "Şahdağ" qış-yay turizm kompleksinin yaradılması buna imkan verir.
Qeyd edək ki, "Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan etibarən görülən işlər nəticəsində "Şahdağ" qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan "Şahdağ" qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Ölkəmizdə qeyri-neft sektoruna mühüm töhfə olan "Şahdağ" qış-yay turizm kompleksi Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılıb. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Artıq ötən qış mövsümündə kompleks ilk turistləri qəbul etməyə başlayıb.
Bakıdan "Şahdağ"dək hamar, təhlükəsiz və sürətli yollar
Turizmin inkişafı və turistlərin yaradılmış istirahət mərkəzlərinə cəlb edilməsi üçün ən əsas şərtlərdən birini yol infrastrukturu təşkil edir. Çünki, turistlər istirahət mərkəzlərinə hamar və təhlükəsiz yollarla getməyə üstünlük verirlər. Bu baxımdan, Bakıdan "Şahdağ"dək inşa edilmiş hamar və sürətli yollar turizm kompleksinə gedişi kifayət qədər asanlaşdırır. Bu səbəbdən "Şahdağ" qış-yay turizm kompleksinə gedən insanlar yol hərəkəti qaydalarına riayət etməklə, Bakı şəhərinin mərkəzindən kompleksin avto dayanacağına qədər 2 saat vaxt sərf edir.
Son həftə ərzində müşahidə edilmiş qarlı-şaxtalı hava şəraitindən sonra Quba və Qusar rayonlarına 80 sm hündürlüyündə qarın yağmasına baxmayaraq, yollar təmizlənmişdi. Ən əhəmiyyətli hallardan biri də odur ki, yolların çəkilişi elə aparılıb ki, kiçik həcmli sedanlarla da "Şahdağ" qış-yay turizm kompleksinə getmək mümkündür. Kompleksə gedən turistlər eyni zamanda, dağları aşdıqca qarşısına çıxan mənzərələrdən də valeh olur.
Xoş qarşılanma və yüksək xidmət
"Şahdağ" qış-yay turizm kompleksinə çatdıqda, kart sistemilə işləyən turizm obyektinə daxilolma postu qarşınıza çıxacaq. Kompleksə daxil olduqdan sonra isə geniş avto dayanacaqda maşınınızı rahat şəkildə park edə biləcəksiniz. Məhz, bundan sonra elə kompleksin girişindən turizm obyektinin əməkdaşlarının xoş qarşılama jestlərilə üz-üzə olacaqsınız. Və çox sevindirici haldır ki, "Şahdağ" qış-yay turizm kompleksində əsasən yerli sakinlər çalışırlar. Doğrudur, çalışanlar əmək haqları haqqında danışmasalar da, onun kifayət qədər yüksək olduğunu bildirdilər.
Adrenalin vasitələri, yaxud, kompleksin xidmətləri həyəcanvericidir
Ümumiyyətlə, "Şahdağ" qış-yay turizm kompleksində turistlər əsasən qarlı ərazilərdə piyada gəzinti, kanat, xizəklə sürüşmək imkanlarından istifadə edə bilərlər. Bunun üçünsə, kompleksdə yaradılmış ödəniş sistemindən istifadə edə bilərlər. Burada turistlər istifadə etmək istədikləri xidməti seçməklə onun haqqını ödəyib və lazımı əşyaları götürməlidirlər. Kompleksdə yaş həddinə görə ödənişlər müəyyənləşdirilib. Məsələn, 6 yaşınadək pulsuz, 12 yaşınadək fərqli, ondan sonra isə digər dərəcəli ödəniş sistemi mövcuddur.
Belə ki, ilk dəfə kanat xidmətindən istifadə edən turistlər üçün həyəcanlı anlar ola bilər. Çünki, orta sürətli olan kanat yerdən 30-40 metr hündürlüyə qalxmaqla, sürüşmə yamaclarına doğru gedir və əksinə hərəkət edir. Kanatdan istifadə etmək istəyənlər bir nəfər üçün cəmi 6 manat xərcləməlidir.
Xizəklə şürüşmək isə ayrı bir hissdir. Çünki, bu, həm adrenalin yaradıcı olsa da, həm də təhlükəlidir. "Şahdağ" qış-yay turizm kompleksinin bu xidmət növündən istifadə etmək istəyən insanlar əvvəlcə, ölçülərinə uyğun olaraq, lazımı əşyaları əldə etməlidirlər. Bunun üçün kirayə və satış bölməsindən həm birdəfəlik alqı, həm də bir neçə müddətlik xizək və onun ağacları, dəbilqə və digər geyimləri əldə etmək mümkündür.
İlk olaraq, kompleksin bu xidmət növündən istifadə edən şəxsin özü və hansı əşyaları əldə etmək istəyi haqqında elektron məlumat bazası yaradılır. Daha sonra kassaya yaxınlaşmaqla, əvvəlcədən bildirilən əşyaların kirayəsi üçün ödəniş edilir, girov qoyulur və növbəti hissəyə keçid alınır. Orada isə sizə ayağınızın ölçüsünə uyğun ayaqlıq, onun ölçüsündə xizək, boyunuzun ölçüsündə xizək ağacı, dəbilqə və geyim verilir. Lakin xizəklə sürüşmək üçün əşyaların seçimi azaddır. Məhz, bütün bu prosedurlardan keçdikdən sonra artıq sürüşmə məntəqəsinə yaxışlaşmaq olar. Əlbəttə ki, kompleksdə xizək sürməyi öyrənmək istəyənlərə xüsusi dərslər keçən müəllimlər də var. Eyni zamanda, fərdi olaraq da, siz tam pulsuz olaraq, aşağı yamacda xizək sürməyi öyrənə bilərsiniz.
Elə əməkdaşımız da əvvəlcə fərdi qaydada xizək sürmək üçün aşağı yamaca daxil oldu. Doğrudur, xizək sürmək kifayət qədər çətin olsa da, bu idman növünün öyrənilməsi də münkündür. Xüsusilə qeyd edək ki, ilk dəfə xizək sürməyə gedəcək insanlar əvvəlcədən xam əzələlərini açmalıdırlar. Yoxsa, bir neçə dəfə uğursuz cəhddən sonra siz əzələ ağrıları və kəskin təngənəfəslik, əzələ yorğunluğu və beyinin intensiv oksigen qəbulu ilə meydançadan çıxmalı olacaqsınız. Elə əməkdaşımızın da ilk iki cəhdi uğursuz olsa da, sonradan xizək sürmək üçün vacib sayılan müvazinətin saxlanılması yolu ilə sürüşməyi bacardı.
Xizək sürmək üçün isə xizək, onun ağacları və dəbilqə üçün cəmi 26 manat xərcləməlidir. Əgər yamaclara qalxıb yüksəklikdən sürüşmək istəyərsinizsə, bu zaman müddətdən asılı olaraq, 5 manatdan 20 manatadək xərcləməli olacaqsınız.
Ümumiyyətlə, xizək sürmək insan səhhəti üçün çox faydalıdır. Həm dağın yamacında olan təmiz oksigenin qəbulu, həm də əzələlərin mütəmadi işləməsi insanı sağlam və gümrah edir. Bu mənada siz kompleksdə 6 yaşından tutmuş 70 yaşınadək insanların professional səviyyədə xizəklə sürüşdüyünün şahidi ola bilərsiniz. Bununla yanaşı, xizək sürməyi bacaranlar bir neçə saatlıq və günlük biletlər də əldə edə bilərlər. Orada bağlanğıcdan tutmuş digər səviyyələrədək xizək sürmə variantlarından istifadə etmək imkanları var.
Xizəklə sürüşdükdən sonra eyni qaydada kirayə götürülən əşyalar qaytarılır və qoyulan girov təhvil alınır. Həmçinin, kompleksin münasib qiymətlərlə çalışan restoranları da mövcuddur.
Kompleksin inşası hələ də davam edir
Kanatla yuxarı qalxdıqdan sonra dağın ətəyindən aşağıya doğru gözəl bir mənzərə açılır. Oradan qarpüskürən aparatları, hərəkət edən kanatları, xizəklə sürüşənləri aydın şəkildə görmək mümkündür. Diqqətimizi çəkən məqam isə ötən həftə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Şahdağ" və "Pik Palas" otellərininin yerləşdiyi əsrarəngiz mənzərə oldu. Otellər Şahdağ zirvəsinin əhatəsində yamacda yerləşir. Eyni zamanda, adları çəkilən otellərin yaxınlığında böyük bir inşaat meydançasının olması da diqqətdən yayınmır. Məlumatlara görə, həmin ərazilərdə də otel və digər xidmət obyektlərinin inşası aparılır.
"Şahdağ" qış-yay turizm kompleksinə getmək istəyənlər üçün
Yeni açılmasına baxmayaraq, "Şahdağ" qış-yay turizm kompleksinə kifayət qədər çox turist gəlməkdədir. Xüsusilə də, xarici ölkə vətəndaşları ilə yanaşı, Azərbaycan sakinləri də kompleksin xidmətlərindən yararlanmaq üçün oraya axın edir.
Əgər turistlər "Şahdağ" qış-yay turizm kompleksinə getmək istəyirlərsə, gün çıxmamışdan yola düşmələri məsləhətdir. Çünki, siz kompleksə yaxınlaşdıqca, həm günəşin dağların arxasından boylanması prosesini elə yüksəklikdən müşahidə edəcəksiniz, həm də insan axınını qabaqlayıb avto dayanacaqda özünüzə rahat yer tapa biləcəksiniz.
Bizim kompleksdə olduğumuz müddətdə - günortaya yaxın xeyli sayda insan gəlmişdi ki, kassalar və kirayə-satış bölmələrində növbələr yaranmışdı. Ona görə də, "Şahdağ" qış-yay turizm kompleksinə getmək istəyənlər müvafiq vaxtı seçsələr, daha yaxsı olar.
Nəhayət, kompleksdən çıxarkən, elektron qaydada ödəniş həyata keçirilir. Maşınla gələn turistlər avto dayanacaqdan istifadə saatına görə, ödəniş aparır. Əgər sizin avtomobil dayanacaqda 2 saat dayanmışdırsa, o zaman 2 manat ödəməli olacaqsınız.
Sonda bir daha qeyd edək ki, "Şahdağ" qış-yay turizm kompleksi Azərbaycan Respublikasının sosial-iqtisadi qüdrətini, turizm ölkəsi kimi nüfuzunun yüksəlməsinin göstəricisidir. Düşünürük ki, "Şahdağ" qış-yay turizm kompleksi qarşıdakı illərdə Avropanın ən məhşur dağ turizm komplekslərilə rəqabətə girəcək və ölkəmizin büdcəsinə əlavə vəsaitlər gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə