2014-cü ildə 500-ə yaxın milli standart hazırlanacaq

2014-cü ildə 500-ə yaxın milli standart hazırlanacaq

"Sertifikatlaşdırma İnstitutu tərəfindən 2014-cü ildə 500-ə yaxın milli standartın hazırlanması nəzərdə tutulub. Bu standartlar həm neft emalı, həm tikinti, enerji səmərəliliyi və qida məhsulları sahəsində olacaq. Bununla bağlı layihələr Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mərkəzi aparatına göndərilib". SİA-nın məlumatına görə, bunu İnstitutun direktoru Sabiq Abdullayev deyib.

O bildirib ki, "Sumqayıt Texnologiyalar Parkı"nın rəhbərliyinə İnstitut tərəfindən müraciət olunub və bunun əsasında Ağır sənaye məhsullarının standartlaşması üzrə Texniki Komitə yaradılıb: "Burada əsas məqsəd parkın ərazisində istifadə olunacaq standartların Azərbaycanda tətbiqindən ibarətdir. İlkin mərhələdə 30-a yaxın beynəlxalq standartın tətbiq olunması gözlənilir".

İnstitut rəhbəri, həmçinin qeyd edib ki, Azərbaycanda avtomobil yanacağı üzrə "Avro 3" standartının tələbləri ilə bağlı artıq Nazirlər Kabinetinin müvafiq qərarının layihəsi hazırlanıb: "Həmin qərar təsdiq edilən kimi, bu haqda məlumat veriləcək".

Bununla yanaşı qeyd olunub ki, Azərbaycanda yanacağın keyfiyyəti 2014-cü ilin sonuna kimi "Avro 3" standartının tələblərinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə