“Bakı. Yeni inkişaf dövrü” ikicildliyi çapdan çıxıb

"Bakı. Yeni İnkişaf dövrü" adlı ikicildlik nəşr çapdan çıxıb. Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı", "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı", "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı" çərçivəsində, habelə dövlət başçısının "Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında", "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında", "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" və digər sərəncamlarına uyğun olaraq Bakı şəhərində və ətraf qəsəbələrdə gerçəkləşdirilən infrastruktur layihələrinin icrası sahəsində görülən işləri əks etdirir.

Bakıda görülən işlərin, həyata keçirilən proqramların ətraflı, əhatəli və aydın şəkildə işıqlandırılmasına xidmət edən mükəmməl struktura malik bu nəşr Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə başlayır: "Bakının tarixi gözəlliyi var. Eyni zamanda, Bakının müasir meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Biz Bakını bağlar, parklar, bulvarlar şəhərinə çeviririk. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakı bizim böyük, milli sərvətimizdir.

Bizim məqsədimiz Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını yaratmaq idi və biz buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov qüllələri, Bakı Kristal Sarayı - bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir".

Nəşrin birinci cildinin əvvəlində Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair konfrans və müşavirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri verilib, yerlərdəki vəziyyəti, əhalinin narahat edən problemləri öyrənmək, görülən işləri yerindəcə yoxlamaq məqsədilə dövlətimizin başçısının paytaxtın qəsəbə və kəndlərində keçirdiyi görüşlərdən maraqlı şəkillər dərc edilib.

Birinci cildə daxil edilmiş "Yollar, körpülər, tunellər", "Piyada keçidləri", "İstehsalat və təsərrüfat müəssisələri", "İnzibati və yaşayış binaları", "Parklar, bağlar və abidələr" adlı bölmələrdə, ikinci cilddə verilmiş "Tibb ocaqları", "Təlim-tərbiyə və təhsil ocaqları", "İbadətgahlar, ziyarətgahlar", "Mədəniyyət ocaqları", "Ticarət və xidmət mərkəzləri", "Otellər və istirahət mərkəzləri", "İdman qurğuları" bölmələrində rəngarəng illüstrativ və məlumat xarakterli materiallar dərc edilib.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin möhkəm iqtisadi təməli yaradılıb, hərtərəfli inkişaf yolu dönməz xarakter alıb.

Ölkənin regional inkişaf proqramları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair imzaladığı müvafiq proqramlara və tədbirlər planına uyğun olaraq qədim və zəngin tarixə malik Bakı şəhərinin və ətraf qəsəbələrin abadlaşdırılması, sosial-iqtisadi yüksəlişi sahəsində irimiqyaslı layihələr həyata keçirilib, paytaxtın, ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması büsbütün dəyişib.

Dövlətimizin başçısı tərəfindən Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair təsdiqlənmiş Tədbirlər Planı çərçivəsində paytaxtda ən müasir standartlar səviyyəsində yeni avtomobil yolları, yol qovşaqları salınıb, çoxlu sayda yolötürücü, yeraltı və yerüstü piyada keçidləri inşa edilib, yol-nəqliyyat sistemi ən müasir standartlar səviyyəsində yenidən qurulub.

Şəhər nəqliyyatının vacib hissəsi olan metro tikintisi intensiv şəkildə aparılıb, 2008-2011-ci illərdə üç stansiya - "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları istifadəyə verilib, "İçərişəhər", "28 May" və "Koroğlu" stansiyaları yenidən qurulub.

Hava nəqliyyatının inkişafı sahəsində görülən işlər nəticəsində "Azərbaycan Hava Yolları" regionun nəhəng aviaşirkətinə çevrilib və bu gün MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda əvvəlki aerovağzal əsaslı şəkildə təmir olunmuş, xarici görünüşünə, daxili dizaynına və infrastrukturun ən yüksək səviyyəsinə görə möhtəşəm və modern yeni aerovağzal binası inşa edilib.

Bakıda yeni gəmiqayırma zavodunun tikilib istifadəyə verilməsi ölkənin nəqliyyat infrastrukturunun inkişafında yeni mərhələ açır. Hazırda tikintisi davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə birlikdə Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilib.

Ötən dövrdə Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə qəbul olunun və başçılığı ilə həyata keçirilmiş ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair proqram çərçivəsində Bakıda və Abşeron yarımadasında neftlə çirklənmiş gölməçələrin qurudulması, təmizlənməsi və onların yerində parkların salınması, ağacların əkilməsi işləri yerinə yetirilib, Abşeron yarımadasının yaşıllaşdırılmasına başlanılıb, Xəzər dənizinin çirklənmədən qorunması üçün sutəmizləyici stansiyalar istismara verilib, Hövsan aerasiya stansiyası yenidən qurulub, paytaxtda məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilib.

Sənayenin inkişafı sahəsində irimiqyaslı tədbirlər həyata keçirilmiş, yeni müəssisələrin yaradılması, istehsalat xətlərinin yenidən qurulması, modernləşdirilməsi və profilinin dəyişdirilməsi sayəsində ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması, idxal asılılığının azaldılması, ölkə üçün vacib olan strateji məhsulların istehsalı işində mühüm uğurlar əldə edilib.

Paytaxtda və şəhərətrafı qəsəbələrdə əhaliyə kommunal xidmətlərin yaxşılaşdırılması, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi sahəsində genişmiqyaslı işlər həyata keçirilib.

Şəhərin və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatında böyük və əsaslı dönüş yaranıb. Elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədilə Bakı şəhərində modul tipli elektrik stansiyası, yarımstansiyalar tikilib istifadəyə verilib, transformatorlar təzələnib, Görülən bu tədbirlər nəticəsində "Bakıelektrikşəbəkə"nin gücü 774 meqavolt/amperdən 5316-ya çatdırılıb.

Şəhərətrafı qəsəbələrdə yeni qaz xətləri çəkilib, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər yerinə yetirilib, qazlaşdırma prosesi uğurla həyata keçirilərək  97 faizə çatdırılıb.

2011-2013-cü illərə aid Proqram ilə əsas infrastruktur məsələlərinin - ilk növbədə, su və kanalizasiya layihələrinin həlli sahəsində işlər başa çatmaq üzrədir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində şəhər əhalisinin 70 faizi fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz olunub, suyun davamlı verilməsi təmin edilib. Proqrama uyğun olaraq müxtəlif diametrli 977 kilometr su və 217 kilometr kanalizasiya xətti çəkilib və ya təmir edilib, 8 ədəd su nasos stansiyası, 20 ədəd müxtəlif həcmli su anbarları tikilib və ya yenidən qurulub.

Xüsusi olaraq yaradılmış "Azəristiliktəchizat" Birliyi tərəfindən yeni evlərə, məktəblərə, digər obyektlərə istiliyin verilməsi sahəsində vəzifələr öz həllini tapmaqdadır. Ötən müddətdə 9 yeni qazanxana tikilərək istifadəyə verilib, 6 qazanxana modernləşdirilib, 36540 mənzilin, 361 sosial obyektin istilik təchizatı təmin olunub.

Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər sırasında 11 avtomat telefon stansiyası tikilib, 28 stansiya rekonstruksiya olunub, 9 poçt şöbəsi üçün bina inşa edilib, ADSL portları 81860 ədəd artırılıb, 128136 nömrə abunə tutumu istismara verilib.

2006-2010-cu illər ərzində Bakı şəhərində 34 məktəb tikilib və təmir edilib, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilib. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq təlim-tərbiyə və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər nəticəsində 174 məktəbdə, 103 uşaq bağçasında, 4 peşə məktəbində, 3 yaradıcılıq məktəbində təmir-tikinti işləri başa çatdırılıb, Dövlət Proqramına əsasən ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqları, yeni tədris korpusları istifadəyə verilib.

2006-cı ildən bu günədək paytaxtda 29 tibb müəssisəsi - xəstəxana, poliklinika və diaqnostika mərkəzi, o cümlədən Xocasən, Əhmədli və Bülbülə qəsəbələrində poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində sağlamlıq mərkəzi, Buzovnada vərəm əleyhinə dispanserin 125 çarpayılıq yeni korpusu inşa edilib, 30 səhiyyə obyekti təmir edilərək müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunub.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə paytaxtda və şəhərətrafı qəsəbə və kəndlərdə uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrimizin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilib.

Son iki ildən bir qədər çox müddətdə şəhərin  ən gözəl guşələrində, Xəzərin füsunkar sahillərində "Kempinski Badamdar", "Hilton Baku", "Jumeirah Bilgah Beach Hotel" "JW Marriott Absheron", "Four Seasons Hotel Baku" və "Fairmont Baku " kimi dünya şöhrətli otellərin istifadəyə verilməsi paytaxta əlavə yaraşıq, gözəllik bəxş etməklə yanaşı, həm də investorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqət və marağının ifadəsidir. Bakıda, təkcə bir şəhərdə və qısa müddətdə dünyanın ən məşhur brendlərini təmsil edən bu 6 otelin istifadəyə verilməsi geniş mənada nadir bir hadisə olmaqla yanaşı, Azərbaycan kimi zəngin təbiətə malik bir ölkədə turizmin, ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına mühüm töhfədir.

Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı məqsədilə Nizami rayonundakı 8-ci kilometr qəsəbəsində dünya standartlarına cavab verən yeni stadion tikilib, Tofiq Bəhramov adına Respublika stadionunda əsaslı təmir-bərpa işləri başa çatdırılıb,  65 min yerlik Bakı Olimpiya stadionunun təməli qoyulub və inşası sürətlə davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Bakının ən böyük mədəniyyət ocaqları əsaslı təmir edilib və yenidən qurulub. Bütövlükdə 12 mədəniyyət obyektində təmir-tikinti işləri aparılıb, digər mədəniyyət obyektləri üzrə işlər davam etdirilib.

Ötən dövrdə Şəhidlər xiyabanının memarlıq baxımından yenidən işlənməsi həyata keçirilib, milli-mədəni irsin mühüm tərkib hissəsi sayılan abidələr, məbədlər, məscidlər, ibadətgahlar və zəngin memarlıq nümunəsi sayıla bilən digər tikililər bərpa edilərək öz əvvəlki görünüşünə qaytarılıb, əsaslı şəkildə təmir edilib, Qala, Atəşgah, Qobustan arxeoloji-etnoqrafik muzey komplekslərinin bərpası və yenidən qurulması layihələri uğurla başa çatdırılıb, dünya mədəniyyət incisi kimi UNESCO-nun siyahısına yenidən daxil edilmiş İçərişəhərin qorunub saxlanması üçün mühüm tədbirlər həyata keçirilib. Burada əsaslı və genişmiqyaslı bərpa-abadlıq işləri həyata keçirilib.

Paytaxtın abadlaşdırılması sahəsində görülən və müvəffəqiyyətlə davam etdirilən tədbirlər nəticəsində Bakı şəhərinin siması tamamilə dəyişib, bütün tarixi binalar ən yüksək keyfiyyətlə, böyük zövqlə bərpa edilib. Şəhərin mərkəzində yerləşən bütün parklar yenidən qurulub, təmir edilib, paytaxtda və ətraf qəsəbələrdə müasir tələblərə uyğun yeni parklar, bağlar salınıb.

Yüz illik tarixi olan Dənizkənarı Milli Parkda genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və əsaslı təmir işləri aparılıb,  onun sahilboyu uzunluğu 3,5 kilometrdən 14 kilometrə çatdırılıb.

Burada ən qısa müddətdə inşa edilərək 2012-ci ildə qapılarını "Eurovision" mahnı müsabiqəsinə açan Bakı Kristal Sarayı bu gün Xəzər sahilinin incisi kimi paytaxta bəzəkdir.

Dənizkənarı Milli Parkda inşa edilmiş möhtəşəm Dövlət Bayrağı Meydanı, bu meydandan ucalan əzəmətli Dövlət Bayrağı xalqın qürur mənbəyi, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə və dönməzliyinə sədaqət rəmzidir.

Bu gün müstəqil Azərbaycanın gerbinin mərkəzində dalğalanan alov təsviri paytaxtın ən füsunkar guşəsindən yüksələn nəhəng Alov qüllələrində özünün nadir memarlıq və texnologiya həllini tapıb.

Ulu öndər Heydər Əliyevin müstəqillik amallarını özündə təcəssüm etdirən misilsiz memarlıq abidəsi - Heydər Əliyev Mərkəzinin inşası müasir Azərbaycanın həyatında ən böyük hadisələrindən biridir. Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan Heydər Əliyev Mərkəzi möhtəşəm görünüşü və əzəməti ilə paytaxtın simasını daha da gözəlləşdirərək, dünya memarlığının şah əsərləri sırasına daxil olub.

Vaxtilə özünün İçərişəhəri, Qız qalası, Dağüstü və Dənizkənarı parkları ilə tanınan Bakının müasir siması daha möhtəşəmdir və Azərbaycan paytaxtı bu gün haqlı olaraq dünyanın ən gözəl şəhərlərindən biri sayılır.

Bakı şəhərində görülmüş bütün bu işlər ikicildliyin müvafiq bölmələrində özünün dolğun, müfəssəl illüstrativ və informativ əksini tapıb.

Nəşrin sonunda verilmiş "Əlavələr" bölməsində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş proqramlar və Tədbirlər Planı, monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri, teatr sənətinin inkişafı, məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında dövlətimizin başçısının imzaladığı sərəncamlar verilib.

Nəfis şəkildə çap olunub, yüksək zövqlü bədii tərtibata və poliqrafik keyfiyyətə malik bu nəşr Azərbaycan Respublikası Prezidentinin Katibliyi tərəfindən hazırlanıb.

Nəşrin hazırlanmasında Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi xidmətinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə