Artıq Fransada Azərbaycanı yaxşı tanıyır və böyük maraq göstərirlər. Bu fikri Parisin 16-cı rayonundakı məşhur Trokadero meydanında yeni il ərəfəsində təşkil olunan "Milad şəhərciyi" satış-yarmarkasındakı ölkəmizlə bağlı pavilyonun fəaliyyəti barədə Parisdəki "Azərbaycan evi"nin sədri Mirvari Fətəliyeva söyləyib. M.Fətəliyeva deyib: "Bu il "Milad şəhərciyi" satış-yarmarkasında dünyanın 45-dən artıq ölkəsi arasında Azərbaycan da ilk dəfə təmsil olunmuşdur. Bizim "Azərbaycan evi"nin təşəbbüsü ilə bu layihəni həyata keçirməkdə əsas məqsədimiz ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini, incəsənətini, eyni zamanda, milli mətbəximizin ləziz təamlarını Fransada tanıtmaqdır.
Layihənin gerçəkləşməsində Heydər Əliyev Fondunun təşkilatçılığını, Azərbaycanın Fransadakı səfirliyinin, iqtisadiyyat və sənaye nazirliyinin, habelə Parisdə fəaliyyət göstərən "Ulduz" Assosiasiyasının yaxından dəstəyini xüsusi qeyd etmək istəyirəm.
"Milad şəhərciyi"nə 20 milyondan artıq qonağın gəlişi nəzərdə tutulmuşdur. Hər gün minlərlə paytaxt sakini və şəhərin qonaqları şəhərciyə baş çəkir, müxtəlif ölkələrin pavilyonunda satılan mallarla maraqlanırlar. Fəxr edirik ki, Azərbaycan deyəndə daha kiminsə üzündə hər hansı təəccüb ifadəsi oxunmur. Əgər əvvəllər ölkəmizin harada yerləşdiyi və tarixi haqqında məlumat verirdiksə, indi belə hallarla rastlaşmırıq. Bu isə özlüyündə o deməkdir ki, artıq Fransada Azərbaycanı yaxşı tanıyır və böyük maraq göstərirlər.
Azərbaycan yalnız ölkənin paytaxtı Parisdə deyil, hətta müxtəlif regionlarında və şəhərlərində tanınır. Əlbəttə, bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizi fransızlara yaxından tanıtmaqla bağlı "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində həyata keçirilən müxtəlif tədbirlərin nəticəsidir. Eyni zamanda, səfirliyin fəaliyyətini də yaddan çıxarmaq olmaz.
Fəxr edirik ki, Fransa kimi mühüm ölkə beynəlxalq tədbirlər zamanı hər hansı qlobal məsələnin həllində öz sözünü deyən Azərbaycan ilə razılaşır. Bu da öz növbəsində möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsində əldə edilmişdir.
Ölkəmizə məxsus pavilyonda suvenir xalçalar, milli musiqi alətləri, müxtəlif ölçüdə qadın baş örtükləri, Lahıcda düzəldilmiş qolbaqlar və digər əl işləri, "Azərsun " şirkətinin göndərdiyi və bəzəkli qutularda qablaşdırılmış çaylar, nar şirələri, şərablarla yanaşı milli mətbəximizin nümunələrindən qutab və sulu əriştə aşı, habelə Novruz bayramında süfrələrimizin bəzəyi olan paxlava və şəkərbura nümayiş etdirilir, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən göndərilən Azərbaycan bəstəkarlarının və xalq mahnılarının yazıldığı disklər, ölkəmizin tarixindən, mədəniyyətindən və incəsənətindən bəhs edən kitablar və bröşurlər pavilyonumuza baş çəkənlərə təqdim olunur. Bu işdə bizim evin fəallarından Mehri Quliyevanın, Jalə Babayevanın, Günel Çəndirlinin və Emil Hacıyevin xüsusi əməyini qeyd etmək lazımdır.
Əlbəttə, bütün bunlar ölkəmizi fransızlara daha yaxından tanıtmaqda mühüm addımlardan biridir və bu istiqamətdə işlərimizi gələcəkdə də davam etdirəcəyik".
Yarmarka yanvar ayının 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB